Avropada bu il güclü El-Ninyo hadisəsi küləkli havanı artıraraq elektrik istehsalında külək enerjisinin payını yüksəldə və təbii qaza tələbi azalda bilər.
Banker.az xəbər verir ki, bu barədə Reuters agentliyi yazır.
El-Ninyo Sakit okeanın mərkəzi və şərq hissəsində səth sularının istiləşməsi ilə əlaqəli iqlim hadisəsidir və qlobal hava şəraitinə təsir göstərir. Avropada bu fenomen adətən daha mülayim qış və güclü qərb küləkləri ilə müşayiət olunur.
Agentlik bildirir ki, Dünya Meteorologiya Təşkilatının baş katibi Seleste Saulo bildirib ki, bu il El-Ninyo göstəriciləri rekord səviyyəyə çata bilər.
ABŞ-da fəaliyyət göstərən meteoroloji texnologiyalar şirkəti “Nebbo”nun məlumatına görə, El-Ninyonun pik mərhələsi noyabr-yanvar aylarında gözlənilir. Şirkətin texnologiyalar üzrə rəhbəri Jerar Kastro qeyd edib ki, bu şərait Böyük Britaniya, Şimal dənizi, İrlandiya və Skandinaviyada qərb küləklərini gücləndirə bilər.
Bu ssenari reallaşarsa, Almaniya, Böyük Britaniya, Fransa və xüsusilə Şimal dənizi ətrafındakı külək elektrik stansiyalarında 2026-cı ilin sonlarında istehsal əhəmiyyətli dərəcədə arta bilər.
Son illərdə Avropada zəif küləkli dövrlər külək enerjisi istehsalını məhdudlaşdırıb. Almaniyada külək elektrik stansiyalarının ümumi gücü artmasına baxmayaraq, 2024-2026-cı illərdə pik istehsal göstəriciləri əvvəlki illərdən aşağı qalıb.
Böyük Britaniyada yerləşən enerji analitikası şirkəti “Ember”in məlumatına görə, Almaniyada külək enerjisi gücü 2026-cı ilin ortalarında rekord 82 giqavata çatıb. Avqustda ölkənin külək elektrik stansiyalarının istehsalı son iki ilin orta göstəricisini 30%-dən çox üstələyib.
“Ember”in hesablamalarına görə, külək enerjisi Almaniyada elektrik istehsalının təxminən 28%-ni təşkil edir. Kömürün payı 20%, təbii qazın payı isə 16%-dir.
Payız və qış aylarında külək enerjisi istehsalının artması qaz və kömür stansiyalarının yükünü azalda bilər. Avropada qaz qiymətlərinin yüksək qalması səbəbindən enerji şirkətləri güclü küləkli dövrlərdə ilk növbədə qaz istehlakını azaltmağa üstünlük verə bilər.







