Dünyanın əsas fındıq istehsalçısı Türkiyədə məhsulun bərpası gözləntisi qlobal bazarda qiymətlərin aşağı istiqamətdə düzəlməsi ehtimalını artırır. Azərbaycan üçün mühüm ixrac məhsullarından biri olan fındıqda 2026-cı ilin əsas sualı qiymətlərin 2025-ci ilin rekord səviyyələrindən nə qədər geri çəkiləcəyi və yerli istehsalçıların bu dəyişiklikdən necə təsirlənəcəyi olacaq.
Banker.az xəbər verir ki, beynəlxalq fındıq bazarı üzrə “International Nut and Dried Fruit Council” (INC) və sektor analitiklərinin qiymətləndirmələrinə görə, 2026/27 mövsümündə qlobal təklif artımı gözlənilir. Dünyanın ən böyük fındıq istehsalçısı olan Türkiyədə məhsulun əvvəlki zəif mövsümlə müqayisədə əhəmiyyətli artacağı proqnozlaşdırılır. Sektor mənbələri Türkiyədə istehsalın təxminən 800 min ton səviyyəsinə yaxınlaşa biləcəyini bildirirlər.
Türkiyədə 2025-ci ildə yaz şaxtaları nəticəsində məhsulun azalması qlobal bazarda kəskin qiymət artımına səbəb olmuşdu. Türkiyə mənşəli fındığın qiyməti 2025-ci ildə təklif çatışmazlığı fonunda kəskin yüksələrək rekord səviyyələrə yaxınlaşıb. Yeni mövsümdə məhsulun bərpası isə qiymətlərin əvvəlki pik səviyyələrdə qalmasını çətinləşdirir.
Sektor analitiklərinin fikrincə, 2026-cı ildə fındıq qiymətlərində əsas ssenari 2025-ci ilin rekord göstəricilərindən aşağı korreksiyadır. Bununla belə, Avropa qənnadı sənayesinin yüksək tələbi və keyfiyyətli fındığa ehtiyac qiymətlərin əvvəlki illərin aşağı səviyyələrinə qayıtmasının qarşısını ala bilər. Hazırda bazar iştirakçıları Türkiyə mənşəli standart ləpə fındıq üçün qiymətlərin təxminən 7–9 min dollar/ton intervalında formalaşacağını gözləyirlər.
Azərbaycan üçün bu dəyişiklik xüsusilə önəmlidir. Ölkə son illərdə fındıq ixracında yüksək qiymətlərdən faydalanıb və məhsul qeyri-neft ixracında əsas kənd təsərrüfatı mövqelərindən birinə çevrilib.
2025-ci ildə də Azərbaycan fındıq ixracından yüksək gəlir əldə edib. Ötən il ölkə 18,7 min ton fındıq ləpəsi ixrac edib və qarşılığında 169,9 milyon dollar valyuta daxil olub. Həcm 3,4% azalsa da, ixrac dəyəri 34,1% artıb. Orta ixrac qiyməti bir ton üçün 9 096 dollar olub.
Azərbaycan fındığının əsas alıcısı Rusiya olub. 2025-ci ildə Rusiyaya 8 368 ton fındıq ixrac edilib və ixrac gəliri 67,1 milyon dollar təşkil edib. Almaniya bazarına 3 664 ton (40,4 milyon dollar), İtaliyaya 1 888 ton (19,1 milyon dollar), İsveçrəyə 960 ton (10,8 milyon dollar), Türkiyəyə isə 1 265 ton (9,6 milyon dollar) məhsul satılıb.
İxrac bazarında fəaliyyət göstərən əsas şirkətlərdən biri “Khan-El” MMC olub. Şirkət 2025-ci ildə təxminən 31 milyon dollar dəyərində fındıq ixracı ilə Azərbaycanın iri ixracatçıları sırasında yer alıb. Bundan başqa, Azərbaycanın fındıq sektorunda “Azərsun Holdinq” və digər yerli ixracatçılar da iştirak edir.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk 8 ayında Azərbaycanın meşə fındığı ixracı qiymət artımı hesabına yüksəlib. Yanvar-avqust aylarında ölkə xaricə 9,6 min ton fındıq sataraq 105,5 milyon dollar gəlir əldə edib. İxrac həcmi illik müqayisədə 22% azalsa da, gəlirlər 19,5% artıb.
Qiymət artımı ixrac gəlirlərinin əsas hərəkətvericisi olub. Azərbaycanın ixrac etdiyi fındığın orta statistik qiyməti bir il ərzində 7,21 dollardan 11,02 dollara/kq yüksəlib. Başqa sözlə, ixrac olunan məhsulun bir tonunun orta qiyməti təxminən 11 min dollar təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda fındıq istehsalı əvvəlki illə müqayisədə artıb. Ölkədə fındıq bağlarının ümumi sahəsi 80,6 min hektara çatıb, bunun 56,7 min hektarı bar verən yaşda olan bağların payına düşüb. İl ərzində 72,8 min ton fındıq məhsulu yığılıb. Bu, 2024-cü ildəki 67,7 min tonla müqayisədə 7,6% artım deməkdir.
Məhsuldarlıq da yüksəlib. 2025-ci ildə hər hektardan orta hesabla 12,7 sentner fındıq əldə olunub. Bir il əvvəl bu göstərici 11 sentner təşkil edib.







