Dünyanın nəhəng sərinləşdirici içki şirkətlərindən biri olan Amerikanın PepsiCo Inc. şirkəti Şimali Amerikanın probiotik içki istehsalçısı KeVita şirkətini əldə edəcək.
Müqavilənin dəyəri hələ ki, açıqlanmayıb. Təxminlərə görə, müqavilə sayəsində PepsiCo şirkəti sərinləşdirici içki üzrə premium brendlərinin portfelini genişləndirəcək. Müqavilə tamamlandıqdan sonra KeVita müstəqil şirkət kimi fəaliyyət göstərməyə davam edəcək.
KeVita şirkətinin icraçı direktoru və həmtəsisçisi Bill Moses qeyd edib ki, PepsiCo şirkətinə qoşulmaqla KeVita öz içkilərini daha geniş auditoriya çatdırmaq imkanı qazanacaq.
Qeyd edək ki, PepsiCo Inc. şirkəti Pepsi, 7up, Mirinda, Diet Pepsi, Tropicana, Lay’s, Cheetos, Doritos və digər brendlərə sahibdir.
KeVita şirkəti isə 2009-cu ildə yaradılıb və fermentləşdirilmiş və probiotik içkilər istehsal edir.