12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanla Aİ 14,5 mln. avro dəyərində saziş imzalayıb

İqtisadiyyat naziri, Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Malena Mard ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycan-Avropa iqtisadi əlaqələrindən danışan Ş. Mustafayev 1996-cı ildən başlanmış əməkdaşlığın enerji, investisiya, ticarət və s. sahələri əhatə etdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır: “Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində əməkdaşlığımızın gözəl nümunələrindəndir və bu layihə Avropa İttifaqının prioritet layihələrinə daxil edilib. Bu layihə çərçivəsində 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması planlaşdırılır. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Aİ ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50%-dir. Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşunun 35%-i Aİ ölkələrinin payına düşür”.

Nazir bildirib ki, Aİ ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də əməkdaşlıq həyata keçirilir: “Tvinninq aləti üzrə indiyədək 45 layihə həyata keçirilib ki, bu layihələrin 26-sı artıq başa çatıb, 11 layihə isə icra olunur. Aİ-nin 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər, 7 üzv ölkə ilə Strateji Tərəfdaşlıq Bəyannamələri imzalanıb, 14 üzv ölkə ilə Hökumətlərarası Komissiya yaradılıb”.

Bu ilin mayında Bakıda keçirilmiş Azərbaycan-Avropa İttifaqı biznes forumunu xatırladan Ş. Mustafayev investorların iştirakı ilə keçirilən belə tədbirlərin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan iqtisadiyyatı və onun prioritet istiqamətləri, iqtisadiyyatın şaxələndərilməsi, eləcə də iqtisadi sahədə həyata keçirilən kompleks islahatlar barədə məlumat verilib, bununla bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.

M. Mard Aİ-Azərbaycan iqtisadi əlaqələri barədə fikirlərini bildirərək Aİ və Azərbaycan arasında enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib, Avropa İttifaqının əməkdaşlığın inkişafı istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Görüşün sonunda Avropa Qonşuluq Alətinin 2015-ci il üzrə Azərbaycan üçün Fəaliyyət Proqramı çərçivəsində 14,5 mln. avro dəyərində “Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramı”nın Maliyyələşdirmə Sazişi imzalanıb.

Sazişdə tvinninq və texniki dəstək, qrant kimi alətlər vasitəsilə kənd yerləri üçün biznes məlumat sisteminin yaradılması, sahibkarlığın inkişafına, eləcə də kiçik və orta müəssisələrə və ailə fermer təsərrüfatlarına yönəlmiş kənd yerlərinin inkişafına dəstək sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatı məsləhət xidmətləri sistemi şəbəkəsinin tətbiqi, investisiya dəstəyi və istehlakçıların maarifləndirilməsi yolu ilə təbliğat və yerli məhsulların təşviqi nəzərdə tutulur.

APA

Son xəbərlər
Digər xəbərlər