Azərbaycanda maliyyə məsələləri ilə bağlı məhkəmə qərarlarının qəbulu və icrası prosesləri sürətləndiriləcək.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, Azərbaycanda maliyyə mübahisələrində icra prosesi ilə bağlı mövcud vəziyyətin hərtərəfli diaqnostikası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası Ədliyyə Nazirliyi və maliyyə institutları ilə birlikdə səlahiyyətli işçi qrupu yaradacaq. Diaqnostika icra prosesini mürəkkəbləşdirən və ləngidən halları müəyyənləşdirəcək, məhkəmə qərarlarının qəbulu və icrası, girovun rəsmiləşdirilməsi və təminata tutmanın yönəldilməsi, girovları ləğvetmə, qiymətləndirmə və reallaşdırma üzrə hərracların təşkilini və apelyasiya proseslərini əhatə edəcək. Bu zaman girov predmetinə tələbin məhkəmədən kənar qaydada yönəldilməsinin hüquqi əsaslarının yaradılması, girovların satışı üzrə hərracların xidmət haqqının real xərc prinsipi əsasında müəyyən edilməsi və girovların satışının alternativ üsullarla həyata keçirilməsi imkanları qiymətləndiriləcək və müvafiq tədbirlər həyata keçiriləcək.
İşçi qrup qeyd olunan istiqamətləri icra prosesinin keyfiyyətinə və müddətinə təsiri baxımından prioritetləşdirəcək. Sonrakı mərhələdə isə Azərbaycandakı proseslər qabaqcıl beynəlxalq təcrübə ilə müqayisə edilərək kompleks həll yolları müəyyən ediləcək, qanunvericiliyə dəyişikliklər hazırlanacaq.
İşçi qrup müvafiq tədbirlər planı hazırlayacaq. Təsdiq edilmiş tədbirlər planının müvafiq qurumlar tərəfindən tətbiqinə başlanılacaq. Sistemin təkmilləşdirilməsi məqsədilə görülmüş tədbirlərin nəticəsi üzrə monitorinq və qiymətləndirilmə aparılacaq. Zərurət yarandığı halda əlavə tədbirlər müəyyən ediləcək.
Yol xəritəsində bildirilir ki, qeyri-işlək aktivlərin həcminin azaldılmasının ən mühüm vasitələrindən biri kreditorların hüquqlarının müdafiəsi və öhdəliklərin yerinə yetirilməsi üzrə işlək məhkəmə sistemi və icra mexanizminin olmasıdır. Mövcud qanunvericiliyin bəzi hallarda qeyri-müəyyən olması, habelə məhkəmə qərarlarının qəbulunun və həmin qərarların icrasının gecikdirilməsi mövcud məhkəmə təcrübəsinin daha da təkmilləşdirilməsinin zəruri olduğunu göstərir. Bank əməliyyatları üzrə qanunvericilikdə qeyri-müəyyənliklər mövcuddur. Məhkəmə qərarlarının icrası üsullarının təfərrüatlı olmaması fərqli şərhlərə şərait yaradır ki, bu da müvafiq qərarların icra olunmasını çətinləşdirir. Məhkəmələr borcun ödənilməsi üsullarını müəyyən etməkdə çətinlik çəkir (məsələn, əməkhaqqı, vəsaitin aktivlərdən tutulması və s.). Bu hal, xüsusilə də mürəkkəb məhkəmə işlərində müşahidə olunur. Bundan əlavə, ləğvetmə prosesi və təminatın rəsmiləşdirilməsi üzrə qanunvericiliyin qeyri-müəyyən olması öhdəliklərin icra müddətinin uzanmasına səbəb olur. Ləğvetmə prosesində son tarix, qiymətləndirmə ilə bağlı məsuliyyət bölgüsü və prosedurlar, prioritetlərin təsnifləşdirilməsi, aktivlərin satışı vəs. məsələlərin qanunvericilikdə dəqiq müəyyən olunmaması məhkəmə qərarlarının icrasını ləngidir və ziddiyyətlər yaradır. Məhkəmə prosesləri müxtəlif etirazlar vasitəsilə asanlıqla uzadıla bilər. Borcalan satışa çıxarılan aktivlərin qiymətləndirilməsi ilə razı olmadığı təqdirdə əmlakın satılması üzrə hərrac dəfələrlə təxirə salına bilər. Bundan əlavə, məhkəmə işlərinin çox olması və son tarixlərin dəqiq müəyyən edilməməsi səbəbindən maliyyə məsələləri üzrə məhkəmə qərarlarının icrası gec həyata keçirilir. Bu şəraitdə məhkəmə icraçıları müəyyən işləri prioritetləşdirirlər ki, bu da digər işlərin icrasının qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur.
Bütövlükdə, kreditorların hüquqlarının müdafiəsi mexanizmlərinin qənaətbəxş səviyyədə olmaması və məhkəmə qərarlarının icrasında intizamın nisbətən aşağı olması riskləri daha da artırmaqla, maliyyə institutlarının xərclərini yüksəldir. Tələbin təminata yönəldilməsi prosedurlarının uzun olması və bu prosesin nisbətən yüksək xərclər hesabına başa gəlməsi maliyyə vasitəçiliyini məhdudlaşdırır. Bu isə maliyyə məsələləri üzrə məhkəmə-hüquq infrastrukturunda bu vaxta qədər aparılan islahatların davam etdirilməsi və icra prosesinin təkmilləşdirilməsi, eləcə də qanunvericilik aktlarına yenidən baxılması istiqamətləri üzrə kompleks tədbirlərin həyata keçirilməsini zəruri edir.