Səyahətə yollanarkən yalnızca müsbət təəssürat və emosiyalar gözləyirik. Lakin təəssüflər olsun ki, sənəd və yaxud pulumuzun oğurlanması kimi xoşagəlməz hadisə ilə üzləşirik. Turistlər rahatlığa böyük əhəmiyyət verdiyindən və adətən pullarını bank kartında saxladıqlarından səyahət zamanı bank kartının oğurlanması vəziyyətində nə etməli olduğumuza aydınlıq gətirək.
Səyahət zamanı bank kartınız oğurlanarsa:
1. Kartınızın itdiyini anladığınız an dərhal olaraq pullarınızı internet bankçılığı vasitəsilə digər bir hesaba və yaxud karta köçürün. Əgər internet bankçılığa girişinizin yoxdursa və yaxud bu xidmətdən istifadə etmirsinizsə dərhal olaraq ikinci qaydaya riayət edin.
2. Əgər kartınızın oğurlandığına 100% əmin deyilsinizsə (ola bilsin ki, oteldə unutmusunuz), kartdan nağd vəsaitlərin çıxarılması ilə bağlı müvəqqəti 0 limiti qoyun. Bunu öz bankınıza zəng etməklə həll edə bilərsiniz. Beləliklə, kartınızın harada olduğunu dəqiqləşdirmək və yaxud oğurlandığı faktını təsdiq etmək üçün bir qədər zamanınız olacaq.
3. İtmiş kartı blok edin. Bunu mümkün qədər tez bir zamanda etmək lazımdır. Kartı isə banka zəng etməklə, internet bankçılığı ilə və yaxud mobil tətbiqetmə ilə blok edə bilərsiniz.
4. Yaxınlarınızdan və yaxud dostlarınızdan sizə pul göndərməsini xahiş edin. Əgər itən kartınızdan əlavə bir kartınız da varsa həmin karta pul göndərmələrini istəyə bilərsiniz. Yox əgər başqa kartınız yoxdursa, beynəlxalq pul köçürmələri sistemlərindən birinin xidmətindən yararlana bilərsiniz.
5. Polisə müraciət edin. Əgər bank kartınız ilə birgə nağd pullarını və yaxud sənədləriniz (adətən şəxsiyyət vəsiqəsi) də oğurlanıbsa, yaxud itibsə mümkün qədər tez polisə müraciət etmək lazımdır.
6. İtən kartınız olduğunuz ölkədə tapılmadığı halda geri döndükdə yeni kart sifariş verin. Bunun üçün müştərisi olduğunuz banka gəlmək, ərizə yazmaq və bir neçə gün gözləmək lazımdır. Bəzi banklarda kartların buraxılması ödənişlidir və qiymət kartın növündən asılı olaraq dəyişə bilər.