AMEA Rəyasət Heyətinin (RH) iclasında RH-nin nəzdində “Elmi media” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis edilməsi ilə bağlı məsələ müzakirə olunub.
AMEA prezidenti Akif Əlizadə bu gün akademiyanın mətbu orqanları olan “Elm” qəzeti, “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərlər Məcmuəsi” və “Elm və həyat” jurnallarında ölkədə və dünyada elm sahəsində baş verən mühüm hadisələr, əldə olunan elmi nailiyyətlər, elmi tədqiqatlar və onların nəticələrinə həsr edilmiş məqalələr dərc olunduğunu deyib. Lakin hazırkı dövrdə büdcədən ayrılan maliyyə vəsaiti bu mətbu nəşrlərin çapı üçün kifayət etmədiyinə görə, əlavə gəlir əldə etmək, bununla da qəzetin çapına lazım olan xərcləri tam ödəmək və lazım gəldikdə tirajını artırmaq üçün AMEA-nın nəzdində sahibkarlıq fəaliyyəti ilə məşğul olan qurumun təsis edilməsi zərurəti yaranıb.
Qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyətinin nəzdində “Elmi media” Məhdud Məsuliyyətli Cəmiyyətin təsis edilməsi ilə bağlı bir sıra qərarlar qəbul edilib. Qərarlara əsasən, “Elmi media” Məhdud Məsuliyyətli Cəmiyyəti AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin tabeliyinə verilməsi tövsiyyə olunub. Qurumun qanuni təmsilçilik funksiyasına malik olan direktoru vəzifəsinə Oqtay Fətullanın təyin edilməsi təklif edilib.