9 C
Baku
Friday, December 13, 2024

Əmək haqqının artırılmasını necə tələb etmək olar?

Hər kəs öz əməyinin qarşılığında layiqli mükafat almaq istər. Lakin yəqin ki, çox az insan müdirin yanına gedərək birbaşa əmək haqqının artırılması perspekivlərinə böyük şövqlə yanaşır. Bizim bir çoxumuz uşaqlıqdan bir yazılmamış qanuna adət etmişik: “pul haqqında söhbət salmaq ayıbdır”. Buna görə də istər müsahibə zamanı, istərsə də işlədiyiniz müddətdə əmək haqqının artırılmasını tələb etmək psixoloji cəhətdən heç də asan deyil.

Lakin bir neçə sadə məsləhətlər var ki, əmək haqqınızın artırılmasını tələb etməkdə sizə kömək edə bilər.

1. İlk başdan çox tələb edin. Müsahibə zamanı yüksək əmək haqqı tələb etmək nəinki icazə verilən, hətta vacib haldır. İşə götürən menecerlər “qiymət endirilməsi”ni xüsusi olaraq öyrənirlər, buna görə də onlar ilk başdan minimal məbləğ təklif edirlər. Başqa sözlə desək, əgər əmək haqqının artırılmasını deməyə cəhd belə etməsəniz, hesab edin ki, zərərdəsiniz.

2. Əmək haqqının artırılması ilə bağlı söhbətdə keçmiş nailiyyətlərinizdən deyil, öz potensialınızdan danışın. Rəhbərliyin nöqteyi-nəzərinə görə yalnız gələcəkdə də özünü göstərəcək yaxşı nəticələrə görə əmək haqqını artırmaq olar. Buna görə də söhbət zamanı əvvəllər necə gərgin işlədiyinizi, hansı həyat çətinlikləri ilə üzləşdiyinizi və bu vəzifədə olan digər insanların aldıqları maaş barəsində danışmaq lazım deyil. Bunun əvəzində bu işlə hansı xeyirləri gətirə biləcəyinizi qeyd etsəniz daha məqsədə uyğun olar.

3. Kompensasiyanın digər növləri barədə də düşünün. Əgər şirkət əmək haqqının artırılması iqtidarında deyilsə kompensasiyanın digər variantlarını nəzərdən keçirin. İşlədiyiniz şirkətdən asılı olaraq sığortanızın artırılmasını, yaxud uzun müddətli məzuniyyətin verilməsini tələb edə bilərsiniz. Vəzifənizin artırılmasını da istəmək burada istisna olunmur.

4. Əvvəlcə bu haqda söhbətin zamanını müəyyən edin. Əmək haqqınızın artırılması barədə olan söhbət rəhbərlik üçün gözlənilməz bir hal xarakteri daşımamalıdır. Onunla görüş təyin edin və söhbətin sizin perspektivlərinizdən gedəcəyinə işarə edin. Bu rəhbərinizə söhbətə əvvəlcədən hazırlaşmasına kömək edəcək və söhbət hər ikiniz üçün rahat keçəcək.

5. Təhdidlərə əl atmayın. Əmək haqqının artırılmasını tələb etmək olduqca doğru addımdır, lakin rəhbərliyi öz gedişinizlə bağlı təhdid etmək yol verilməz səhvdir. Bu söhbətdən sonra istədiyinizə nail olsanız belə, söhbət zamanı baş verən xoşagəlməzliklər uzun müddət unudulmayacaq.

6. Etiraz eşitməyə hazır olun. Vəziyyəti təsəvvür edin: təhdidsiz, uyğun bir zamanda, nəzakətli şəkildə əmək haqqınızın artırılmasını tələb edirsiniz, lakin bunun qarşılığında rədd cavabı alırsınız. Hadisələrin belə inkişafına hazır olun və özünüzü ruhən bu vəziyyətə hazırlayın. Yadda saxlayın: bu o demək deyil ki, sizə hər zaman etiraz edəcəklər. Rəhbərinizdən öz perspektivləriniz barədə olan bu söhbətə növbəti dəfə nə zaman qayıdacağınızı soruşun. Çox mümkün haldır ki, növbəti belə söhbətin birində siz “hə” cavabı alacaqsınız. Öz ilk söhbətiniz ilə siz buna doğru bir addım atmış olursunuz.

Son xəbərlər
Digər xəbərlər