9 C
Baku
Thursday, December 12, 2024

ABŞ-dan Azərbaycana göndərilən karqolar niyə gecikir?

Son həftələr xaricdən Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan karqo şirkətlərindən şikayətlər artıb. Sosial şəbəkələrdə başlanan müzakirələrdə problemin daha çox ABŞ anbarı ilə bağlı olduğu qeyd edilib.

Artıq bir sıra karqo şirkətləri problemi etiraf edərək həftəsonuna qədər məsələni həll edəcəklərini, müştərilərin itmiş yüklərinin kompensasiyasının veriləcəyini qeyd ediblər.

Məsələ ilə bağlı daşımaçılıq sahəsində uzunmüddətli təcrübəsi olan Samir Əfətli hesab edir ki, Amerikada müştərilərə xidmət göstərməyin xərci mənfəətindən çoxdur:

“Amerikadan Azərbaycana çatdırılma xərcləri yüksək, qiymətləri isə aşağı olduğu üçün bizim karqo şirkətləri orada anbar aça bilmir. Bu səbəbdən də onlar ABŞ-da “Wearhouse” deyilən anbar və agent xidmətləri göstərilən qurumla çalışırlar. Hansı ki, şirkət toplu şəkildə daşımaları həyata keçirdiyi üçün qiymətləri nisbətən münasibdir.

Hazırda həmin anbarla işləyən 15-20 şirkət müəyyən səbəblərdən problemlə üzləşib. Son məlumata görə, Azərbaycanın karqo şirkətlərinə agent xidmətləri göstərən şirkət rəhbərliyi və əməkdaşları koronavirusa yoluxduğu üçün şirkətlərimiz belə bir krizislə üz-üzə qalıb”.

S.Əfətli hesab edir ki, bu problemin “Black Friday”lə üst-üstə düşməsi böhranı daha da dərinləşdirib: “Amma artıq şirkətlər problemin həlli istiqamətində addımlar atmaqdadır və malların anbardan çıxarılması prosesi başlayıb”.

Məsələ ictimailəşdikdən sonra bəzi yerli karqo şirkətləri rəsmi saytlarında “Wearhouse” şirkətini xarici karqo şirkətlərinin siyahısından çıxarıblar. Yaranan vəziyyətlə bağlı karqo şirkətlərindən bildirilib ki, problem ABŞ-dakı anbarda yaranan sıxlıqdan qaynaqlanıb:

“Əksər şirkətlər ABŞ-dakı (ünvan: United States, Wilmington, Delaware, Lewis Circle 4, 19804-1618) anbardan istifadə edir. Bu səbəbdən də həmin anbardan qaynaqlanan problem kütləviliyə səbəb olub. Amma fərqli yerdə anbar kirayələyən 3-5 karqo şirkətində bu narahatlıq müşahidə edilməyib. Hazırda əməkdaşlarımız anbara daxil olan bütün yüklərin sistemə vurulması üzərində çalışır. Həftəsonuna qədər işləri yekunlaşdırıb yükləri Bakıya yola salacağıq”.

Qeyd edək ki, ABŞ-dan yüklər həftədə bir dəfə, cümə günləri Bakıya göndərilir. Bu həftə ərzində yüklərin göndərilməsi baş tutmasa, Milad Bayramı ilə əlaqədar növbəti göndəriş 2023-cü ildə baş tutacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər