ABŞ hökuməti yüksək ixtisaslı işçilər üçün nəzərdə tutulan H-1B iş vizalarının verilməsi şərtlərini sərtləşdirməyə qərar verib. Banker.az xəbər verir ki, bu barədə ölkənin Daxili Təhlükəsizlik Nazirliyinin saytında deyilir.
Qeyd edildiyi kimi, yeni qaydalar qüvvəyə mindikdən sonra xarici işçi cəlb etmək üçün “xüsusi peşələr”in sayı azaldılacaq. Departamentdən verilən açıqlamaya görə, yeni qaydalar iş vizası əsasında ABŞ-da yaşayan əcnəbilərin üçdə birinə şamil ediləcək. Qaydalar Federal reyestrdə dərc edildikdən 60 gün sonra qüvvəyə minəcək.
“H-1B vizaların verilməsi sahəsində atılan bu addım, Tramp administrasiyasının amerikalı işçiləri qorumaq məqsədinin bir hissəsidir”, – mesajda deyilir.
Xatırladaq ki, H-1B iş vizası işəgötürənlərin işçi qüvvəsindəki boşluqları aradan qaldırmaq və qlobal iqtisadiyyatda rəqabətə tab gətirməyə davam etmək üçün nəzərdə tutulub.
Dövlət katibi vəzifəsini icra edən Çad Volfun sözlərinə görə, ABŞ iqtisadi təhlükəsizliyin ölkənin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsinə çervrildiyi dövrə qədəm qoyub.
“Sadə dillə desək, iqtisadi təhlükəsizlik – ölkənin təhlükəsizliyidir. Buna cavab olaraq amerikalı işçini birinci yerə qoymaq üçün qanun çərçivəsində əlimizdən gələni etməliyik”, – Vulf əlavə edir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iş vizalarının verilməsi şərtlərinə bu ilin iyun ayında məhdudiyyətlər qoyub. O, pandemiyanın səbəb olduğu iqtisadi çöküşün amerikalıların “məşğulluğu” üçün təhdid olduğunu söyləyib.
Bununla əlaqədar olaraq, prezident 2020-ci ilin sonunadək aşağıdakı vizaları dayandırmağa qərar verib:
1) H-1B – texnologiya sahəsində fəaliyyət göstərən yüksək ixtisaslı mütəxəssislər üçün;
2) H-4 – H-1B vizasını alanların ailə üzvləri üçün;
3) mövsümü olan H-2B vizası;
4) L-1 – şirkət daxilində menecer və rəhbərlər; xarici şirkətin törəmə şirkətinə və ya ABŞ-dakı filialına keçmək istəyənlər üçün;
5) J-1 – peşəkar mübadilə iştirakçıları üçün;
Qeyd edək ki, bu məhdudiyyətlər 2020-ci ilin iyun ayından əvvəl ABŞ-a gəlmiş işçilərə şamil edilmir.