10 C
Baku
Thursday, December 12, 2024

ABŞ rəsmisi: “Azərbaycan güclü tərəfdaşdır”

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə səfərdə olan ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşü baş tutub.

Bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Qarşı tərəfi salamlayan nazir Ceyhun Bayramov Azərbaycanla ABŞ arasında mövcud olan tərəfdaşlıq münasibətlərinin strateji xarakterini vurğulayıb və qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına müsbət təsir göstərdiyini qeyd edib.

ABŞ rəsmisi Filip Riker Azərbaycanın güclü tərəfdaş ölkə olduğunu qeyd edib və ABŞ-ın ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayıb. O, Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə məmnunluqla istinad edib. F.Riker ABŞ-ın regional maraqlarını və bölgədə mövcud çağırışların cavablandırılmasına yardımçı olmaq istəyini ifadə edib. Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən ABŞ rəsmisi, eyni zamanda bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edib. O, həmçinin bu yaxınlarda iki jurnalist və bir rəsmi şəxsin mina partlayışı nəticəsində dünyasını dəyişməsi ilə əlaqədar təəssüf hissini ifadə edib. F.Riker mövcud gərginliyin aradan qaldırılması üçün ABŞ-ın yardımçı olmaq istəyini vurğulayıb və ATƏT-in Minsk Qrupunun həmsədri qismində səylərə istinad edib.

Nazir Ceyhun Bayramov münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, Azərbaycanın vəziyyətin gərginləşdirilməsində maraqlı olmaması, üçtərəfli bəyanatın icrası ilə əlaqədar tərəfimizdən atılmış addımlar, habelə Ermənistanın məsuliyyətsiz davranışı, mina xəritələri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsi, Azərbaycan ərazilərində mina basdırılması məqsədilə diversant qrupu göndərməsi və s. barədə qarşı tərəfə məlumat verib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Digər xəbərlər