ABŞ hakimiyyəti Rusiya və daha 50-dən çox ölkədən idxal olunan mallara 10–12,5% həcmində gömrük rüsumu tətbiq etmək qərarına gəlib.
ABŞ Ticarət Nümayəndəliyinin Ofisi bu tarifləri Vaşinqtonun sözügedən ölkələrin məcburi əməklə istehsal olunan malların idxalını qadağan etmək və qarşısını almaq sahəsində kifayət qədər effektiv tədbirlər görmədiyi qənaəti ilə əsaslandırıb.
10%-lik rüsum məcburi əməklə istehsal olunan məhsullara qadağa tətbiq etməyə razılıq verən və ya onların idxalını artıq qismən məhdudlaşdıran ölkələrə şamil olunur. Bu ölkələr arasında Kanada, Böyük Britaniya, Hindistan, Meksika, Argentina və digərləri var.
Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya, Tayvan və İsveçrədən idxal olunan bəzi məhsullara isə 10% və ya 12,5% həcmində rüsum tətbiq ediləcək. Rusiya, Çin və siyahıda yer alan digər ölkələrdən idxal olunan bütün mallar üçün isə 12,5%-lik tarif qüvvədə olacaq.
Yeni rüsumlar iyulun 24-dən ABŞ-nin Şərq sahili vaxtı ilə saat 00:01-dən (Bakı vaxtı ilə 08:01) qüvvəyə minib. Qərarın qüvvəyə mindiyi anda artıq yolda olan yüklər üçün isə güzəşt nəzərdə tutulub – onlara tətbiq edilən rüsumlar iyulun 28-dən etibarən qüvvəyə minəcək.
Tariflər ABŞ daxilində qıtlıq yarana biləcək xammala, tətbiqi Amerika iqtisadiyyatında pozuntular yarada biləcək məhsullara, ABŞ-də kifayət qədər istehsal olunmayan və ya alternativ bazarlardan əldə edilməsi mümkün olmayan mallara, həmçinin tərəfdaş ölkələrdən idxal olunan bəzi məhsul kateqoriyalarına şamil edilməyəcək. Yeni tariflər 2026-cı ilin fevralından qüvvədə olan müvəqqəti universal idxal rüsumlarını əvəz edəcək.







