Yoxlama 2016-cı ildən etibarən verilmiş B1 və B2 vizalarını əhatə edəcək. Vizanın ləğvi avtomatik olaraq deportasiya demək olmayacaq. Təşəbbüs Tramp administrasiyasının immiqrasiya siyasətini sərtləşdirmək istiqamətində növbəti addımı olacaq.
ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkə tarixində ən böyük kütləvi viza ləğvinə hazırlaşır. Associated Press ABŞ Dövlət Departamentinin sənədlərinə və amerikalı rəsmilərə istinadən yazır ki, bu tədbir sığınacaq üçün müraciət etmiş 200 minədək əcnəbiyə təsir göstərə bilər.
Gözlənilir ki, yaxın həftələrdə Dövlət Departamenti 2016–2026-cı illərdə verilmiş B1 biznes və B2 turist vizalarını, daha əvvəl ABŞ-də sığınacaq istəyən və ya hazırda belə müraciəti olan əcnəbilər üçün ləğv edə bilər. Tədbir Daxili Təhlükəsizlik Nazirliyi ilə birgə həyata keçiriləcək.
Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott bildirib ki, qurumlar ABŞ-yə qısamüddətli ziyarətçi kimi daxil olub, daha sonra ölkədə daimi qalmaq məqsədilə sığınacaq üçün müraciət edən əcnəbilərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyətlərini əlaqələndirirlər.
Piqott ləğv edilə biləcək vizaların mümkün sayını açıqlamayıb. O qeyd edib ki, proses davam edəcək və qəbul olunan qərarların sayı dəyişə bilər.
AP-nin məlumatına görə, vizanın ləğvi mütləq şəkildə dərhal deportasiyaya səbəb olmayacaq. Sığınacaq müraciəti baxılma mərhələsində olan əcnəbilərin əksəriyyəti başqa status kateqoriyasına keçiriləcək, lakin biznes və ya turist ziyarətçisi statusunu itirəcək.
Hazırda viza üçün müraciət edən şəxslər ABŞ-də sığınacaq istəmək niyyətində olmadıqlarını təsdiqləməli və öz ölkələrinə geri dönmək planlarının olduğunu sübut etməlidirlər.
B1 və B2 vizalarının hazırkı sahiblərinin yoxlanılması Dövlət Departamentinin ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətindən sığınacaq müraciətləri barədə məlumat almasının ardından başlayıb. AP yazır ki, vizaların ləğvi ilə bağlı qərar hələ yekun deyil və məhkəmədə mübahisələndirilə bilər.
Son 18 ay ərzində ABŞ Dövlət Departamenti cinayət törətməkdə təqsirli bilinən və ya ittiham olunan şəxslərin, eləcə də ABŞ siyasətini açıq şəkildə tənqid edənlərin təxminən 175 min vizasını ləğv edib.
Qurum bəyan edib ki, viza ləğvi mexanizmindən immiqrasiya nəzarəti vasitəsi kimi istifadə etməyə və potensial təhlükə yarada biləcək əcnəbiləri müəyyənləşdirməyə davam edəcək. Tramp administrasiyası artıq 75 ölkənin vətəndaşlarına immiqrasiya vizalarının verilməsinə müddətsiz fasilə tətbiq edib.
Seçki kampaniyası zamanı Tramp Ağ Evə qayıtdıqdan dərhal sonra ABŞ tarixində qeyri-qanuni miqrantların ən böyük deportasiya kampaniyasına başlayacağını vəd etmişdi. The Washington Post-un məlumatına görə, Tramp administrasiyası yeni prezidentlik müddətinin elə ilk ilində 1 milyonadək miqrantı ölkədən çıxarmağı planlaşdırırdı.
2025-ci ildə ABŞ Dövlət Departamenti əcnəbilərə verilmiş 100 mindən çox vizanı ləğv edib. Bunların arasında təxminən 8 min tələbə vizası da olub.






