“Biznes qurmaq istəyən iş adamı 5 milyon manatlıq kredit götürmək istəyirsə, 10 milyon manatlıq girov təklif etməlidir”.
Banker.az xəbər verir ki, bunu SalamNews-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən kommersiya bankları vətəndaşlara biznes kreditlərinin verilməsinə başlayıblar. Lakin təklif olunan kreditlər xarici valyutadadır. Mərkəzi Bank və digər kommersiya bankları öncədən cəlb etdiyi kreditləri və manat formasında qəbul etdiyi depozitləri vətəndaşlara milli valyutada təklif edirlər. Digər kreditlər isə xarici valyutada veriləcək.
V.Bayramov bildirib ki, biznes kreditlərinin verilməsinə başlanılmasına baxmayaraq faizlər yüksək olaraq qalmaqdadır. Kredit şərtləri isə yumşalmayıb: “Belə ki, təklif edilən biznes kreditləri üzrə faiz dərəcəsi 28 faizə yaxındır. Bu isə iş adamına biznes krediti verildiyi halda hər 28 faizin və komissiyon haqqın olduğunu nəzərə alsaq iş adamları 1 milyona görə, banka faiz olaraq təxminən 300 000 manat pul qaytarmalıdırlar. Bu isə kifayət qədər böyük rəqəmdir”.
Eyni zamanda girovlarla bağlı şərtlər də ağırlaşdırılıb. Kredit girovun 50%-dən çox ola bilməz. Bu, o deməkdir ki, biznes qurmaq istəyən şəxs bankdan 5 milyon manat kredit götürmək istəyirsə, 10 milyon manat dəyərində girov təklif etməlidir. Təbii ki, hazırkı durumda əksər iş adamlarının girovları demək olar ki, yoxdur. Banklar tərəfindən yalnız paytaxtda qeydiyyatda olan daşınmaz əmlaklar girov olaraq qəbul edildiyindən, iş adamlarının kreditlərdən faydalanmaq imkanları xeyli ağırlaşdırılıb.
“Bu baxımdan biznes kreditlərinin bərpa edilməsinə baxmayaraq, faizlər, girovla bağlı şərtlər ağır olaraq qalmaqdadır. Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank növbəti mərhələdə şərtlərin yumşaldılması və faizlərin aşağı salınmasına nail olmalıdır”, – V.Bayramov deyib.
Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının təxminən yarısı kredit verir.