“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti – “ADY Express” MMC Türkiyədən Azərbaycana iri ölçülü boruların daşınmasına başlayıb.
Bu barədə şirkətdən bildirilib.
Məlumata görə, layihə hərəsi 10 ton çəkisi olan 100 ədəd borunun Türkiyədən ölkəmizə daşınmasını nəzərdə tutur. Yüklər qardaş ölkənin Arifiyə stansiyasından, Azərbaycanın Şəmkir stansiyasına qədər nəql edilir. Hər boru 1 platformada yerləşdirilib. Onlardan artıq 20-si Azərbaycana çatdırılıb, digərləri yoldadır.
Borular Türkiyə ərazisi ilə 2 063 km, Gürcüstan ərazisi ilə 210 km və Azərbaycan ərazisi ilə 118-km, ümumilikdə isə 2391 km yolu qət edərək ünvana çatdırılıb. Daşıma Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsi ilə gerçəkləşdirilib.
Layihə Türkiyənin “PASİFİK EURASİA LOJİSTİK DIŞ TİCARET A.Ş.” şirkəti və Gürcüstanın “GR Logistics & Terminals” şirkəti ilə birgə icra edilib.