1 C
Baku
Saturday, December 14, 2024

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin sabiq mühasibi barəsində həbs qərarı çıxarılıb, axtarışa verilib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin mühasibi olmuş Zərifə Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs məhkəmədə iştirak etmədiyi üçün onun barəsində axtarış elan edilib.

Məhkəmə proses icraatını dayandırıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs son 3 məhkəmə prosesində iştirak etmədiyi üçün bu qərar qəbul edilib.

İttihamda göstərilib ki, Z.Abbasova 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə kimi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi vəzifəsində işlədiyi müddətdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə köçürülən pulları mənimsəmək məqsədilə nümayəndəliyin rəhbəri Peter Mixalkonun və digər şəxsin imza, həmçinin möhürünü əldə edib. O, ödəniş tapşırıqları ilə bağlı aylıq hesabatları qəsdən saxtalaşdırıb və nümayəndəliyin Beynəlxalq Bankdakı hesabından pul vəsaitlərini ələ keçirib. Zərifə Abbasova 2017-2022-ci illərdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırıb, başqa kartlara köçürərək 983 min 254 manatı mənimsəyib.

Qeyd olunan pul vəsaitini Zərifə Abbasova müxtəlif vaxtlarda Beynəlxalq Bankın bankomatlarından çıxarmağa nail olub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər