-1 C
Baku
Sunday, December 15, 2024

AİB: 2025-ci ilə qədər Azərbaycanda 42 min yeni iş yeri yarana bilər

Azərbaycan 4-cü Sənaye İnqilabına keçidi dəstəkləmək üçün perspektiv vəd edən siyasətlər və işçi qüvvəsi hazırladığı təqdirdə, 2025-ci ilə qədər ölkənin aparıcı sənaye sahələrində 42 min yeni iş yeri yarana bilər.

Bu barədə Asiya İnkişaf Bankının (AİB) ən son araşdırmasında qeyd olunub. Bildirilib ki, süni intellektin, avtonom işləyən robotların və digər mütərəqqi texnologiyaların tətbiqi Azərbaycanın ən böyük işəgötürən sektorlarından olan kənd təsərrüfatı məhsullarının emalı sənayesində 15 minə yaxın, nəqliyyat və anbarlama sektorunda isə 27 min yeni iş yeri yarada bilər.

AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan isə bildirilib ki, 4-cü Sənaye İnqilabı Azərbaycanda əmək bazarında və əsas sənayelərdə tələb olunan bacarıqlarda əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. İş yerlərində və məhsuldarlıqda müsbət dinamika əldə etməklə bu keçidin təsirindən tam bəhrələnməsi üçün ölkənin bacarıqlara və təlimlərə sərmayə qoyması çox vacibdir.

Araşdırmaya əsasən kənd təsərrüfatı məhsullarının emalı sənayesində 4-cü Sənaye İnqilabı texnologiyalarının tətbiqi 2020-ci ildən 2025-ci ilə qədər əmək məhsuldarlığını 49% artıra bilər. Eynilə, nəqliyyat və anbarlama şirkətlərində məhsuldarlıq 41% arta bilər.

Araşdırma öz işçilərinin yetişdirilməsində əhəmiyyətli dərəcədə resurs çatışmazlığı ilə üzləşən şirkətlər, xüsusilə də kiçik və orta bizneslər (KOB) üçün stimullaşdırıcı mexanizmlər tövsiyə edir. Bu, 4-cü Sənaye İnqilabı üçün hazır işçi qüvvəsinin yaradılmasına kömək edə və bəzi işçi qrupları üçün avtomatlaşdırma nəticəsində işini itirmə riskini azalda bilər.

“Araşdırma göstərir ki, analitik və qeyri-müntəzəm tapşırıqlar gündəlik işlərdən daha vacib olacaq və Azərbaycanda işəgötürənlər çox güman ki, yaradıcı və dizayn təfəkkürünə, həmçinin texnoloji bacarıqlara malik kadrlara üstünlük verəcək”, – deyə AİB-nin Təhsil üzrə Baş mütəxəssisi, tədqiqatın aparıcı müəllifi Şanti Caqannatan bildirib. “İş axtaran və işə götürənlərin 4-cü Sənayə İnqilabına aid işlər üçün tələb olunan əsas bacarıqları tapmasına kömək edən platformaları, hətta süni intellekt və ya “Big Data” texnologiyaların köməyi ilə ərsəyə gəlsə belə onları dəstəkləmək üçün yaxşı bir fürsət yaranıb”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər