Albaniya hökuməti ölkəyə gələn əcnəbi turistlər üçün koronavirusla bağlı bütün məhdudiyyətləri aradan qaldırıb.
Bu barədə “Euractiv”ə istinadən xəbər verir.
Albaniyaya səfər etmək üçün PCR-test, anticisim testi, vaksin pasportu və ya pandemiya ilə əlaqəli hər hansı sənəd tələb olunmur.
Ölkəyə daxil olduqdan sonra 14 günlük karantin tələbi də ləğv edilib.
Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə əcnəbi turistlərdən yalnız hava limanında bir-birindən 1,5 metr aralı dayanmaq xahiş olunur.
Gələn həftədən etibarən bütün ölkə ərazisində fəaliyyət göstərəcək 29 mərkəzdə sürətli koronavirus testi vermək mümkün olacaq.
Qeyd edək ki, son ay ərzində Albaniyada yeni yoluxma və ölüm sayı kəskin azalıb. Bütün ölkədə 300-dən az aktiv yoluxmuş xəstə qalır. Artıq bir neçə gündür ki, yoluxmuş şəxslər arasında ölüm halları qeydə alınmır.
Ölkə əhalisinin təxminən üçdə bir hissəsi COVID-19-a qarşı vaksinin azı bir dozasını vurdurub.
Xatırladaq ki, daha əvvəl “SkyUp” aşağı büdcəli aviaşirkətinin yayda Albaniya və Monteneqroya uçuşlar həyata keçirəcəyi ilə bağlı xəbər verilib.