Almaniya hakimiyyəti Rusiya şirkətləri və vətəndaşlarının Almaniyadakı hesablarında olan 95 milyon avrodan çox vəsaiti (indiki məzənnə ilə 8.9 milyard rubl) dondurub.
Banker.az xəbər verir ki, Almaniya hökuməti ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyalarla əlaqədar bloklanan pulun miqdarı barədə məlumat yayıb.
“Bu o deməkdir ki, hesab sahibləri bu vəsaitləri əldə edə və məsələn, pul köçürmələri edə və ya pul çıxara bilməyəcəklər”, – deyə mesajda bildirilir.
Qərb ölkələri fevralın sonundan etibarən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Məhdudiyyətlər Rusiya rəsmilərinin və iş adamlarının, maliyyə və sənaye qruplarının aktivlərinə, həmçinin Mərkəzi Bankın ehtiyatlarına təsir edib. Ümumilikdə Qərb ölkələri təxminən 300 milyard dollara çıxışı dondurub. Rusiya Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanovun sözlərinə görə, bu, Rusiyanın qızıl-valyuta ehtiyatlarının ümumi həcminin yarısından bir qədər azdır.
Bundan qabaq rusların Polşadakı hesabları dondurulub. Polşa hökumətinin sözçüsü bildirib ki, sanksiyalar çərçivəsində Varşava Rusiya hesablarında olan 140 milyon zloti (təxminən 33 milyon dollar) müsadirə edib. Həmçinin hakimiyyət Ukraynanın bərpasına göndərmək üçün respublikadakı Rusiya əmlakını və aktivlərini müsadirə etməyə hazırlaşır.
Bu yanaşma ABŞ-da dəstəklənir. ABŞ Senatı artıq müsadirə edilmiş Rusiya aktivlərinin Ukraynanın bərpası və ukraynalı qaçqınlara yardım fonduna verilməsi haqqında qanun layihəsi hazırlayıb.