“Amazon” 11,6 milyard dollara “Globalstar”ı alır

“Amazon” 11,6 milyard dollara “Globalstar”ı alır. Şirkətin açıqlamasına görə, razılaşma çərçivəsində “Amazon” “Globalstar”ın mövcud infrastrukturunu, aktivlərini və lisenziyalarını əldə edəcək. “Amazon” “Globalstar” səhmdarlarına hər səhm üçün 90 dollar nağd ödəniş edəcək ki, bu da 13 aprel 2026-cı il tarixində ticarətin bağlanışı zamanı olan qiymətdən 23,5% çoxdur.

“Bloomberg” yazır ki, “Globalstar”ın alınması “Amazon”a peyk infrastrukturunu genişləndirməyə və “Starlink”ə rəqib olmasını nəzərdə tutulan “Amazon Leo” xidmətini işə salmağa kömək edəcək.

Bundan əlavə, “Amazon” “Apple” ilə iPhone və Apple Watch üçün peyk rabitəsi xidmətlərinin təqdim olunması barədə razılaşma əldə edib — bundan əvvəl elektronika istehsalçısı “Globalstar” ilə əməkdaşlıq edirdi. Həmçinin “Amazon” və “Apple” “Amazon Leo” bazasında yeni peyk xidmətlərini birgə inkişaf etdirməyi planlaşdırır.

2026-cı ilin aprel ayının əvvəlində “Financial Times” “Amazon”un “Globalstar”ı 9 milyard dollara almağı planlaşdırdığını yazmışdı. “Amazon” öz peyk layihəsi olan “Leo”nu (əvvəlki “Project Kuiper”) inkişaf etdirir — şirkətin orbitdə təxminən 180 cihazı var, bu isə “Starlink”in 10 mindən çox peyki ilə müqayisədə xeyli azdır. 2026-cı ilin ortalarınadək “Amazon” daha 700 peyk buraxmağı planlaşdırır.

2025-ci ilin noyabrında “Amazon” “Leo” peyk internet xidmətini test rejimində biznes üçün açmağa başlayıb. Layihənin rəsmi istifadəyə verilməsi 2026-cı ilin yayına planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər