7 C
Baku
Thursday, December 12, 2024

Aqroparkın idarə olunmasına görə haqqın məbləğinin müəyyən edilməsi qaydası təsdiqlənib

“Dövlət tərəfindən yaradılan aqroparkın idarə olunmasına görə haqqın məbləğinin müəyyən edilməsi Qaydası” təsdiq edilib.

Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Qaydaya əsasən, dövlət tərəfindən yaradılan aqroparkın idarə olunmasına görə haqqın (bundan sonra – haqq) məbləğinə dövlət tərəfindən yaradılan aqroparkın infrastrukturunun, ümumi istifadədə olan ərazilərinin saxlanılması xərcləri daxildir və bu xərclər həmin aqroparkın rezidentləri tərəfindən ödənilir.

Haqqın məbləği dövlət tərəfindən yaradılan aqroparkın rezidentlərinə göstərilən xidmətlərin həcmindən asılı olaraq müəyyən edilir.

Haqqın məbləği əlavə dəyər vergisi nəzərə alınmaqla, hər hektar torpaq sahəsinə görə və illik müəyyən olunur.

Haqq dövlət tərəfindən yaradılan aqroparkda rezidentlərin yaratdıqları təsərrüfatlardan fayda əldə edilmə müddəti, sahibkarlıq fəaliyyətinin növü, həmçinin investisiya layihəsinin sosial mahiyyəti nəzərə alınmaqla müəyyən olunur.

İnvestisiya layihəsinin sosial mahiyyəti deyildikdə Azərbaycan Respublikasının Dövlət Məşğulluğu Agentliyi tərəfindən özünüməşğulluq çərçivəsində işaxtaran və işsiz kimi qeydiyyata alınan şəxslərin dövlət tərəfindən yaradılan aqroparkın rezidenti kimi qeydiyyata alınması və orada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulur.

Haqqın məbləği dövlət tərəfindən yaradılan aqroparkın rezidentləri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair idarəedici təşkilatla müqavilə bağlanmasından sonrakı 12 (on iki) ayın bitməsindən sonrakı 30 təqvim günü ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin bank hesabına köçürmə yolu ilə ödənilir.

Haqqın məbləği dövlət tərəfindən yaradılan hər aqroparka münasibətdə ayrıca müəyyən olunur.

Haqqın məbləği:

birillik əkinlər (tərəvəzçilik təsərrüfatları istisna olmaqla) və yem bitkiləri üzrə birinci ildən 100 faiz məbləğində hesablanır;

çoxillik əkmələr (sosial bağçılıq istisna olmaqla) üzrə 1-3 illər ərzində 20 faiz, dördüncü və beşinci illər ərzində 60 faiz, altıncı ildən başlayaraq 100 faiz məbləğində hesablanır;

sosial bağçılıq üzrə 1-3 illər ərzində 0 faiz, dördüncü və beşinci illər ərzində 60 faiz, altıncı ildən başlayaraq 100 faiz məbləğində hesablanır;

tingçilik təsərrüfatları üzrə birinci il ərzində 18 faiz, ikinci ildən 100 faiz məbləğində hesablanır;

tərəvəzçilik təsərrüfatları üzrə birinci il ərzində 17 faiz, ikinci ildən 100 faiz məbləğində hesablanır;

örtülü sahələr (istixanalar) və innovativ bitkiçilik üzrə birinci il ərzində 44 faiz, ikinci ildən 100 faiz məbləğində hesablanır;

müasir heyvandarlıq və quşçuluq kompleksləri, müasir balıqyetişdirmə təsərrüfatları, kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üzrə obyektlərin tikintisi müddətində 33 faiz, fəaliyyətə başladığı ildən 100 faiz məbləğində hesablanır.

Son xəbərlər
Digər xəbərlər