Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 18 aprel
tarixli 181 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən dövlət rüsumlarından toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) tərəfindən göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarından Agentliyin xəzinə hesabına köçürülən vəsaitdən (bundan sonra – xüsusi vəsait) Agentliyin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə istifadə qaydasını müəyyən edir.
1.2. “Azərbaycan Respublikası Prezidentinin Administrasiya-sında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanının 2.12-ci bəndinə əsasən Agentliyin göstərdiyi xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizi aşağıdakı kimi bölüşdürülür:
1.2.1. 5 faiz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hesabına köçürülür;
1.2.2. 45 faiz Agentliyin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə Agentliyin hesabına köçürülür.
2. Xüsusi vəsaitin ödənilməsi qaydası
2.1. Xüsusi vəsaitin təyinatı üzrə istifadə edilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Agentlik üçün xüsusi xəzinə hesabı açılır.
2.2. Agentliyin xüsusi xəzinə hesabına daxil olan xüsusi vəsaitdən bu Qaydanın 2.7-ci bəndi ilə müəyyən olunmuş məbləğ çıxıldıqdan sonra qalan hissəsi hesabına Agentliyin işçilərinə hər ay mükafat ödənilir.
2.3. Xüsusi vəsaitin Agentliyin işçiləri arasında bölgüsü Agentliyin sədrinin hər ay verilən əmri əsasında ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək həyata keçirilir və hesabat ayında işçinin iş gününə uyğun hesablamalar aparılır.
2.4. Əmək məzuniyyəti və xidməti ezamiyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınır.
2.5. Mükafat aşağıdakı günlər üçün hesablanmır:
2.5.1. işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;
2.5.2. işçinin ödənişli yaradıcılıq və təhsil məzuniyyətində, qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.
2.6. Agentliyin işçisi barəsində yazılı qaydada xəbərdarlıq edildikdə, növbəti ay üçün həmin işçiyə bu Qaydaya uyğun müəyyən edilən mükafatdan 30 faizi nisbətində, cari il içində təkrar yazılı qaydada xəbərdarlıq edildikdə 50 faizi nisbətində, intizam tənbehinin qüvvədə olduğu müddət ərzində isə 100 faizi nisbətində azaltma tətbiq edilməklə hesablama aparılır. İntizam tənbeh tədbirinin vaxtından əvvəl götürülməsi ilə bağlı bilavasitə həmin işçinin rəhbərinin əsaslandırılmış təqdimatı olduqda, Agentliyin sədrinin əmri ilə intizam tənbeh tədbiri vaxtından əvvəl ləğv edilə və mükafat ödənilə bilər.
2.7. Agentlik üzrə hər ay formalaşan xüsusi vəsaitdən 25 faizədək məbləğ işçilərə qanunvericilikdə nəzərdə tutulan fərdi mükafatların və maddi yardımın ödənilməsi üçün ayrılır. Daha yüksək boş vəzifənin icrası həvalə edilən əməkdaşın mükafatlandırılması həvalə edilən vəzifə üzrə həyata keçirilir.
2.8. İşçilərin fərdi qaydada mükafatlandırılması və maddi yardımın verilməsi onların işlədikləri struktur bölmələrinin rəhbərlərinin təqdimatı əsasında Agentliyin sədrinin əmri (qərarı) ilə rəsmiləşdirilir.
2.9. Mükafat Agentliyin işçilərinin aylıq vəzifə maaşına əlavə olunmaqla ödənilir.
2.10. Agentliyin işçilərinə ayrılan xüsusi vəsaitin bölgüsünün aparılması məqsədilə əmsal hesablanır.
2.11. Mükafatın verilməsi üçün əmsal aşağıdakı düstura uyğun olaraq hesablanır:
İBM Ə = ———— VMC
|
Burada:
Ə – əmsal;
İBM – bu Qaydanın 2.2-ci bəndi ilə müəyyən olunan məbləğ;
VMC – işçilərin (vakant ştat vahidləri istisna olmaqla) aylıq vəzifə maaşlarının məbləğlərinin cəmidir.
2.12. Mükafat ödənilən ayda aylıq vəzifə maaşı, iş günlərinin sayı, işçinin iş günlərinin sayı və əmsal tətbiq edilməklə aşağıdakı düstur üzrə hesablanır:
AVM x İİG x Ə M = ——————— İG |
Burada:
M – mükafat;
AVM – işçinin aylıq vəzifə maaşı;
İİG – işçinin iş günlərinin sayı;
İG – iş günlərinin sayıdır.
3. Xüsusi vəsaitin istifadəsinə nəzarət
3.1. Xüsusi vəsaitin istifadəsinə nəzarət öz səlahiyyətləri daxilində Agentlik və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
3.2. Xüsusi vəsaitin istifadə olunmasına dair hesabat Agentlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə əsasən hazırlanır və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
4. Yekun müddəalar
4.1. Mükafatdan fiziki şəxslərin gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sosial sığorta haqqı Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə, Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarına uyğun olaraq tutulur.
4.2. Xüsusi vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.