2 C
Baku
Saturday, December 14, 2024

Asiya İnkişaf Bankı Naxçıvanla bağlı layihələr həyata keçirəcək

Asiya İnkişaf Bankı Naxçıvanla bağlı bir sıra layihələr həyata keçirəcək.

Bu barədə Naxçıvan Muxtar Respublikasında səfər edən Asiya İnkişaf Bankının vitse-prezidenti Şiksin Çen bildirib.

“Bu, mənim Azərbaycana və Naxçıvana ilk gəlişimdir. Çox maraqlı idi. Doğrudan da, böyük təəssürat bağışladı. İlk növbədə insanların qonaqpərvərliyi, təbiətin gözəlliyi, iqtisadi inkişaf və onun perspektivləri. Mən gördüm ki, burada doğrudan da böyük inkişaf imkanları var. Son onillikdə çox böyük müsbət dəyişikliklər görülür, infrastruktur inkişaf etdirilib, yollar, elektrik və qaz təchizatı, yeni texnologiyalar gətirilib”.

O, qeyd edib ki, hər bir kənddə internet şəbəkəsindən istifadə etmək olar: “Bu, əlbəttə, iqtisadi inkişaf üçün çox önəmli amillərdir. İnsanların güzəranını, dolanışığını artıran, yaxşılaşdıran faktorlardır. Naxçıvanın tanış olduğum bu reallıqlarını yüksək qiymətləndirirəm.

Bu gün (dünən-red) səhər biz Naxçıvan şəhərini içməli su ilə təmin edən sutəmizləyici qurğular kompleksinə, eyni zamanda çirkab suların təmizləmə qurğusuna baş çəkdik. Bu layihələr Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilib. Mən bu layihələri çox təqdir edirəm. Çox dəyərli layihələrdir. Çünki bu layihələr əhalini içməli su ilə təmin edir. Asiya İnkişaf Bankının reallaşdırmağı planlaşdırdığı daha bir layihəsi də var ki, suvarma sistemlərinin yaradılmasını əhatə edəcək”.

“Biz o potensial layihənin həyata keçiriləcəyi yerlərə səfər etdik və yerlərdəki vəziyyətlə tanış olduq. Kənd təsərrüfatının inkişafı üçün yeni kanallar tikilsə, köhnə kanallar bərpa olunsa və beləliklə suvarma suyunun həcmi artsa, bu, kənd təsərrüfatında məhsuldarlığı xeyli artıracaq. Naxçıvan Muxtar Respublikası ilə sıx əməkdaşlıq çərçivəsində bu layihələri icra edəcəyik”, – Şiksin Çen deyib.

“Suvarma, drenaj və meliorasiya fəaliyyətinin nəzərdə tutulduğu layihədə sudan istifadənin səmərəliliyi artırılacaq. Bunlar hamısı çox faydalı işlərdir. Biz eyni zamanda mütəxəssis hazırlığına da investisiya yönləndirməliyik.

Bu sahədə potensialın artırılması, təlimlərin təşkili kimi tədbirlər də gələcək inkişafın bünövrəsini təmin edən çox önəmli amillərdir. Biz bu imkanları da dəyərləndirəcəyik”.

Qeyd edək ki, ADB rəhbəri və nümayəndə heyəti Naxçıvanda Bankın Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti ilə, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi ilə, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi ilə tanış olublar. Gəzintinin davamında qonaqlar “Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sisteminin İnkişafı Layihəsi” çərçivəsində təklif olunan suvarma layihəsinin seçilmiş obyektləri ilə tanışlıq olublar.

Sonra qonaqlar muxtar respublikanın dəmiryol infrastrukturu barədə məlumat alıblar, Duzdağ Fizioterapiya Mərkəzində də olublar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər