Doğumun, ölümün və atalığın müəyyən edilməsinin dövlət qeydiyyatı qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə getmədən elektron müraciət əsasında həyata keçirilə biləcək.
Banker.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, şəxsin arzusundan asılı olaraq müvafiq şəhadətnamə Ədliyyə Nazirliyinin informasiya sistemindən çap olunaraq vəzifəli şəxsin imzası ilə təsdiq edilməklə kağız daşıyıcıda da təqdim edilə bilər. Qeydiyyatı elektron qaydada aparılan vətəndaşlıq vəziyyəti aktlarının akt qeydi qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyətinin nümayəndəliyinin vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiq ediləcək. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan vəzifəli şəxs müvafiq qeydin həmin qeyd üzrə razılığı tələb olunan digər şəxslərlə razılaşdırılmasının yoxlanılmasını təmin edəcək. Nikahda olan valideynlərdən doğulmuş uşağın doğumunun qeydə alınması üçün valideynlərdən biri müraciət etdikdə, bu halda güman olunur ki, o digərinin razılığı ilə hərəkət edir. Müraciət edən şəxs tərəfindən yalan məlumat təqdim edilməsi gələcəkdə həmin akt qeydinin ləğvi üçün əsasdır.
Eyni zamanda qərara görə, nikahı olmayan anadan doğulan uşaqlar istisna edilməklə, doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənəd barədə məlumatın təqdim edilməsi tələb olunacaq.
Qərara görə, atalığın müəyyən edilməsinin qeydə alınması qaydasına da dəyişiklik edilir. Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən doğum haqqında akt qeydində müvafiq dəyişikliklər edəcək və doğum haqqında yeni şəhadətnamə verəcək. Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv ediləcək. Doğum haqqında akt qeydinin digər nüsxəsində və Ədliyyə Nazirliyinin informasiya sistemində müvafiq dəyişikliklərin edilməsi üçün qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə informasiya sistemi vasitəsilə elektron qaydada bildiriş göndəriləcək.
Doğum haqqında akt qeydi başqa qeydiyyat şöbəsində və ya konsulluq idarəsində saxlanıldıqda, atalığın müəyyən edilməsini qeydə almış qeydiyyat şöbəsi və ya konsulluq idarəsi doğum haqqında akt qeydində müvafiq dəyişikliklərin edilməsi məqsədilə dərhal Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə həmin qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə elektron qaydada bildiriş göndərəcək.
Bildirişi alan orqan 1 iş günü müddətində doğum haqqında akt qeydində dəyişiklik edəcək, doğum haqqında akt qeydinin digər nüsxəsində və Ədliyyə Nazirliyinin informasiya sistemində müvafiq dəyişikliklərin edilməsi üçün bildirişi elektron qaydada Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə ötürəcək.
Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivi növbəti iş günü ərzində akt qeydinin digər nüsxəsində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində dəyişiklik edir və bu dəyişiklik informasiya sistemində əks olunduqdan sonra atalığın müəyyən edilməsini qeyd etmiş qeydiyyat şöbəsi və konsulluq idarəsi doğum haqqında yeni şəhadətnamə verəcək.
Bundan əvvəl qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən olunması haqqında qeydlərə əsasən uşağın doğumu haqqında qeydlərdə dəyişikliklər edir və doğma haqqında yeni şəhadətnamə verirdi. Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilirdi. Doğum haqqında akt qeydlərinin ikinci nüsxəsində düzəlişlər edilmək üçün Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə edilmiş düzəlişlər barədə məlumat verilirdi. Uşağın doğum haqqında akt qeydi başqa Qeydiyyat şöbəsində, konsulluq idarəsində, yaxud icra hakimiyyətinin nümayəndəliyində tərtib edilibsə, atalığın müəyyən edilməsini qeyd etmiş Qeydiyyat şöbəsi və konsulluq idarəsi doğum haqqında akt qeydinin birinci nüsxəsində müvafiq dəyişikliklərin edilməsi məqsədilə akt qeydinin birinci nüsxəsinin olduğu yerdəki Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə bildiriş göndərilir, həmin orqan doğum haqqında qeyddə dəyişiklik edir, doğum haqqında yeni şəhadətnamə göndərir və doğum haqqında akt qeydinin ikinci nüsxəsində dəyişiklikləri etmək üçün Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə bildiriş göndərirdi.