Avropa İttifaqı (Aİ) Komissiyası Aİ Şurasından sənaye məhsullarına gömrük vergilərinin ləğvi ilə bağlı ABŞ hökuməti ilə müzakirələrin aparılması üçün ona səlahiyyət verilməsini xahiş edib.
Aİ Komissiyasının ticarət məsələlərinə məsul üzvü Sesiliya Malmström Transatlantik ticarət münasibətlərində baş verən uyğunsuzluqların ABŞ-da keçirilmiş müzakirələrindən sonra Brüsseldə mətbuat konfransında çıxış edib.
S.Malmström bildirib ki, Komissiya Aİ Şurasından ABŞ ilə bağlanması zəruri olan iki saziş üçün müzakirə aparmaq səlahiyyəti istəyib. Bu sazişlərdən biri, – kənd təsərrüfatı məhsulları istisna olmaqla, – sənaye məhsullarına tətbiq edilən gömrük vergilərinin ləğvinə dair ticarət sazişi, digəri isə tarifdənkənar maneələrin aradan götürülməsi məqsədilə məhsullara texniki tələblərin uyğunluğunu təmin etmək barədə sazişdir.
Malmström ABŞ-ın sənaye məhsullarına gömrük rüsumlarının ləğvi barədə qərar qəbul etmək üçün əməkdaşlıq edəcəyi halda, Aİ-nin bu ölkənin istehsalı olan avtomobillərə görə tutulan gömrük vergilərinin də müzakirə edilə biləcəyini deyib.
Qeyd edək ki, Aİ-yə üzv olan 28 ölkənin adından ticarət sazişi bağlamaq səlahiyyəti Aİ Komissiyasına aiddir. Aİ Komissiyasının rəsmi müzakirələr keçirmək üçün üzv ölkələrdən razılıq alması tələb olunur.
Keçən il Avropa ilə ABŞ arasında ticarət münasibətlərini gərginləşdirən hadisələrdən biri, milli təhlükəsizlik səbəb göstərilməklə, idxal olunan polad və alüminiuma gömrük rüsumlarının tətbiq edilməsi olub.