2021-ci ilin oktyabr ayının əvvəlindən bəri ilk dəfə olaraq Avropada təbii qazın qiyməti 1000 kubmetr üçün 1700 dolları ötüb. Qeyd edək ki, dekabrın 16-da göstərici 10% artıb.
Banker.az xəbər verir ki, hərraclar zamanı yanvar fyuçerslərinin dəyəri 1705 dollara yüksəlib. Bildirildiyi kimi, bu, Rusiyanın “Qazprom” şirkətinin Yamal-Avropa qaz kəməri ilə bağlı açıqlaması, eləcə də Almaniyanın “Şimal axını – 2”nin sertifikatlaşdırılmasını altı ay təxirə salması fonunda baş verib.
Londondakı Qitələrarası Birjanın (ICE) məlumatına görə, Hollandiyanın TTF habında yanvar fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 1705 dollar və ya MVt/saata görə 145.985 avroya yüksəlib.
Dekabrın əvvəlindən yanacağın qiyməti yenidən qalxmağa başlayıb. Dekabrın 13-də Avropada qaz fyuçerslərinin qiyməti ticarətin açılışında 7.5% artıb. Mütəxəssislər enerjinin bahalaşması və anbardakı qaz ehtiyatlarının tükənməsi səbəbindən bəzi Avropa müəssisələrinin fəaliyyətini dayandıra biləcəyindən ehtiyat edirlər.
Dekabrın 14-də Avropada qazın qiyməti 1400 dollar olub. Gün ərzində yanvar fyuçerslərinin qiyməti 5% artıb. “Bloomberg” qiymət artımını Rusiya ilə Ukrayna arasında münasibətlərdə gərginliyin artması ilə əlaqələndirib.
Rusiya üçün regionda xammalın qiyməti sərfəli deyil: buna görə də, Avropada istehsalın maya dəyəri artır, yerli müəssisələrin rəqabət qabiliyyəti aşağı düşür və yüksək texnologiyalı məhsulların bazar payı ABŞ və Yaponiya tərəfindən “ələ keçirilir”. Böhran Avropada iş yerlərinin ixtisarına və qaz istehlakının azalmasına səbəb ola bilər.