Avstraliya 1965-ci ildən bəri ilk neft emalı zavodunu tikəcək

Avstraliya hökuməti ölkədə yeni neft emalı zavodunun tikintisi imkanını nəzərdən keçirəcək. Təşəbbüs İran müharibəsinin ölkənin yanacaq idxalından asılılığını üzə çıxarmasından sonra daxili emal güclərinin bərpasını hədəfləyir. Bu barədə Bloomberg yazır.

Məsələ Avstraliya federal hökuməti və Perdaman Group sənaye şirkəti tərəfindən müzakirə olunacaq. Yerli KİV-in məlumatına görə, iyulun 28-də Baş nazir Entoni Albanize Qərbi Avstraliyanın Karrata şəhərində yeni neft emalı zavodunun tikintisi imkanlarının araşdırılmasına başlanıldığını elan edəcək. Hökumət bu araşdırmaya 2,8 milyon dollar dəstək ayıracaq.

Layihə həyata keçirilərsə, bu müəssisə Avstraliyada 1965-ci ildən bəri tikilən ilk neft emalı zavodu olacaq. Zavodun tikintisini və istismarını Perdaman Group həyata keçirəcək.

Hazırda Avstraliyada ölkənin yanacaq tələbatının beşdə birindən azını təmin edə bilən cəmi iki neft emalı zavodu fəaliyyət göstərir. Hörmüz boğazının bağlanması nəticəsində qlobal tədarükün azalması fonunda aprel və may aylarında yanacaq qiymətləri kəskin yüksəlib. Bloomberg qeyd edir ki, Avstraliya müəyyən həcmdə öz neftini hasil etsə də, bu kifayət etmir və yeni emal zavodu da xammal baxımından idxaldan asılı olacaq.

İyulun 22-də İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan etmişdi ki, əgər İranın neft ixracına imkan verilməsə, Tehran digər ölkələrin də region vasitəsilə neft ixracına icazə verməyəcək. Onun sözlərinə görə, İranda təhlükəsizlik təmin edilmədiyi təqdirdə, regiondan neft ixracı da mümkün olmayacaq. Qalibaf əlavə edib ki, Tehran üçün təhlükəsizlik ABŞ ordusunun regionda olmaması deməkdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər