Avstraliyanın ən böyük banklarından biri olan “Westpac” 10 il ərzində işində çoxsaylı pozuntulara yol verdiyinə görə, o cümlədən vəfat etmiş müştərilərdən xidmət haqqı aldığına görə 80 milyon dollardan çox cərimə ödəyəcək.
Banker.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Avstraliyanın Qiymətli Kağızlar və İnvestisiyalar üzrə Dövlət Komissiyası (ASIC) məlumat yayıb.
Tənzimləyicinin mətbuat xidmətinin yaydığı bəyanatında qeyd edildiyi kimi, komissiya ölkənin ən böyük maliyyə-kredit təşkilatlarından birinə qarşı məhkəmə işinə başlayıb, çünki “bank tərəfindən yol verilmiş qanun pozuntuları “Westpac”dan bank, konsaltinq və sığorta xidmətləri alan istehlakçılara, eləcə də pensiya əmanətlərini ona etibar edənlərə böyük ziyan vurur”.
Maliyyə tənzimləyicisi tərəfindən bankın fəaliyyətində aşkar edilən qanun pozuntuları arasında vəfat etmiş müştərilərə xidmət haqqı, sığorta sənədləri ilə dələduzluq, qanunsuz komissiyaların yığılması, ödənişlər və tariflər barədə məlumatların müştərilərdən gizlədilməsi də var. Son on il ərzində ən azı 67 min müştəri bankın müntəzəm qayda pozuntularından təsirlənib.
“Westpac” administrasiyası tənzimləyici tərəfindən müəyyən edilmiş bütün pozuntuları etiraf etdi və 113 milyon Avstraliya dolları (80,6 milyon dollar) məbləğində cərimə ödəməyə razı oldu, bunun təxminən 80 milyon Avstraliya dolları (57 milyon dollar) bankın müştərilərinə kompensasiya olaraq göndəriləcək.
“Westpac” – 1817-ci ildə əsası qoyulmuş Avstraliyanın ən qədim bank təşkilatıdır. Milli Avrasiya Bankı, Avstraliya-Yeni Zelandiya Bankı və “Commonwealth Bank” ilə birlikdə ölkənin dörd aparıcı maliyyə institutundan biridir.