Azərbaycanda “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası” təsdiq edilib.
Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir. Bu hal istisna olmaqla nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşələrinə, habelə sürücüdən solda və sağda yerləşən ön qapıların şüşələrinə örtüklərin çəkilməsinə yol verilmir
Nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir:
- minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına;
2. yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına.
Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır.
Plyonka şüşələrə içəri tərəfdən çəkilməli, jalüz və pərdələr pəncərələrə müvafiq olaraq içəri tərəfdən quraşdırılmalıdır.
Örtüklərin torşəkilli olmasına yol verilir.
Örtüklərin çəkilməsi (quraşdırılması) zamanı yol hərəkəti iştirakçılarına xəsarət yetirə və hərəkət üçün təhlükə yarada bilən amillərə yol verilməməlidir.
Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasının pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur