Sumqayıt şəhərinin 3, 9, 12 və 30 nömrəli marşrut avtobuslarında sərnişindaşımada ikili tarif tətbiq olunur.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
AYNA-nın açıqlamasında daşıyıcılara xəbərdarlıq edilib:
“Məsafədən asılı olaraq avtobusda şəhərdaxili qiymət 40 qəpik, şəhərətrafı qiymət isə 50 qəpik səviyyəsində müəyyən edilib. İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə Tarif Şurasının qərarının icrasının təmin edilməsi və tariflərin tətbiqi zamanı sui-istifadə hallarına yol verilməməsi məqsədilə AYNA tərəfindən Sumqayıt şəhərinin sözügedən 4 şəhərətrafı marşrutu üzrə məlumatlandırma işləri aparılır. Daşıyıcılara süni qiymət artımına yol verməmələr barədə xəbərdarlıq edilib”.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Sumqayıtda bəzi marşrut avtobuslarının süni qiymət artımına getməsi ilə bağlı şikayətlər paylaşılıb.