6 C
Baku
Sunday, December 15, 2024

Aytac Muxtarzadə: “Dəyər yaratmaq, fayda vermək “PAŞA Holding”in əsas hədəflərindəndir”

®PAŞA Holding-in kommunikasiya üzrə rəhbər şəxsi Aytac Muxtarzadə trend.az-a müsahibə verib.

Öz müsahibəsində o, PAŞA Holding-in 2023-cü il ərzində həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib.

Salam, Aytac xanım. Bu gün bizimlə birlikdə olduğunuz üçün sizə təşəkkürümüzü bildiririk. Başlanğıc olaraq bilmək istərdik ki, 2023-cü ildə PAŞA Qrup nə kimi sosial fəaliyyətlər icra edib?

Salam. Mən də öz növbəmdə məni bu müsahibəyə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Ölkənin ən böyük şirkətlərindən biri olaraq “PAŞA Holding” ölkə, əməkdaşlarımız və cəmiyyət qarşısında öz məsuliyyətini anlayır və müvafiq qaydada davranmağa çalışır. Şirkətimiz öz sosial fəaliyyətinə həqiqətən də çox böyük diqqət ayırır və bu fəaliyyətini cəmiyyət üçün yaratdığı əsas dəyərlərdən biri olaraq görür. Qeyd edim ki, bu sahədə fəaliyyətimiz çoxşahəlidir və əsasən təhsil, mədəniyyət, idman, səhiyyə və digər sosial layihələri əhatə edir. Vurğulamaq istərdim ki, şirkətimizin Korporativ Sosyal Məsuliyyət (KSM) gündəliyi ölkədə və dünyada baş verən hadisələrə uyğun olaraq dəyişir və zəmanənin tələblərinə uyğunlaşdırılır. 2023-cü ildə “PAŞA Holding” sosial layihələrə onlarla milyon AZN vəsait xərcləyib. Onu da vurğulayım ki, “PAŞA Holding” eyni zamanda öz biznes fəaliyyəti ilə də ölkənin rifahına, iqtisadi dayanıqlılığına töhfə verir.

Təşəkkür edirik məlumat üçün. Bəs qeyd etdiyiniz məbləğ nəyə xərclənilib? Daha ətraflı danışa bilərsinizmi?

Əlbəttə. Ötən il təhsil sahəsinə tərəfimizdən 5 milyon AZN xərclənilib. Bu xərclər “PAŞA Holding” tərəfindən icra olunan Əlaçı təqaüd proqramı, aztəminatlı ailələrdən olan birinci sinfə gedən şagirdlərə məktəbli ləvazimatlarının təqdim edilməsini nəzərdə tutan “Birincilər” layihəsi, beynəlxalq elmi konfransların maliyyələşdirilməsi, universitetlərə təqdim edilən yatırımları, eləcə də dövlət qurumları və qeyri-hökümət təşkilatlarının icra etdiyi təhsil yönümlü layihələrə dəstəyin göstərilməsini əhatə edir.

Sosial layihələrə gəlincə, “PAŞA Holding”in önəm verdiyi layihələrdən biri də Ailə Bizneslərinə Asan Dəstək (ABAD) proqramıdır. Bundan əlavə, törəmə şirkətlərimiz olan PAŞA Bank və PAŞA Həyat artıq neçə ildir ki, Qızıl Aypara Cəmiyyəti, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə aztəminatlı ailələrə sosial yardım göstərir ki, bu proqramlar xüsusilə bayram günlərini əhatə edir. Onun da qeyd edim ki, Kapital Bankın nəzdində yaradılmış Qırmızı Ürəklər xeyriyyə fondunun əsas donorlarından biri elə Kapital Bank və “PAŞA Holding”dir. Sosial yardım istiqamətində “PAŞA Holding”in icra etdiyi daha bir önəmli fəaliyyət şirkətə daxil olan dəstək xarakterli fərdi müraciətlərin qarşılanması fəaliyyətidir.

Şirkətimizin diqqət yetirdiyi digər istiqamətlərdən biri də idman sahəsidir. Belə ki, “PAŞA Holding” və onun törəmə şirkətləri artıq neçə ildir ki, Azərbaycan Voleybol Federasiyası, Azərbaycan Boks Federasiyası, Azərbaycan Atçılıq Federasiyası, Azərbaycan Gimnastika Federasiyası, eləcə də İntellektual Oyunlar Klublarına mütəmadi olaraq yatırımlar edir. Bundan əlavə, qrup şirkətləri Sumqayıt və Zirə futbol klublarına sponsorluq edərək, ölkəmizdə futbol sahəsinin inkişafına da töhfə verir. 2023-cü il ərzində PAŞA Qrup tərəfindən idman sahəsinə ümumilikdə 3.6 milyon AZN-dən çox vəsait ianə olunub.

Bu sualda qeyd etmək istədiyim son sahə incəsənət sahəsidir. Belə ki, yəqin məlumatlısınız, qrupumuza daxil olan PAŞA Həyat şirkəti İRS nəşriyyat evi tərəfindən təqdim olunan kitabların nəşr edilməsini dəstəkləyir. Bu kitablar, mədəni irsimizin tanıdılması məqsədini daşıyırlar. 2023-cü ildə PAŞA Həyat şirkətinin dəstəyi ilə bu silsilədən “Gizli ölüm toxumları”, “Dirçəliş. Başlanğıc”, “Şirvanşahların minilliyi” və “Kəlam və fırça” kitabları təqdim edilib. Qeyd edim ki, ötən il kitabların təqdimat görüşləri Azərbaycanda, Türkiyədə, İtaliyada baş tutub ki, bu da ölkəmizin dünyada tanınmasına da töhfə verib. Bundan əlavə, “PAŞA Holding” artıq neçə ildir ki, Beynəlxalq Caz Festivalının təşkilinə də dəstək göstərir ki, bu festival 2023-cü ildə Bakıda baş tutub.

Bəs xanımların və uşaqların gələcəyi gündəliyinizdə hansı yeri tutur?

Bu çox yaxşı sualdır. Həqiqətən də, bizim gündəliyimizə nəzər yetirsəniz, orada xanımlara və uşaqlara həsr olunmuş xüsusi layihələr görərsiniz. Şirkətimiz neçə ildir ki, AFAQ layihəsini dəstəkləyir. Bu layihənin əsas məqsədi aqrar sahədə fəaliyyət göstərən qadın sahibkarlarla fəaliyyətləri üzrə dəstək göstərməkdir. Layihə çərçivəsində qadınlar üçün həm sahələri üzrə təlimlər keçirilir, həm də onlara iş zamanı istifadə edəcəkləri müvafiq avadanlıqlar təqdim edilir. Qadın sahibkarlığı mövzusunda “PAŞA Holding” və törəmə şirkətlərimiz fərqli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir. “Gender Hub” təşkilatı ilə əməkdaşlıq nəticəsində şirkətlərimiz şiddətə məruz qalmış xanımların sahibkarlıq fəaliyyətini dəstəkləyir. Bu mövzu həqiqətən də bizim üçün əhəmiyyətlidir, çünki qadınlar arasında sahibkarlığın inkişafı cəmiyyətin inkişafına bütövlükdə təsir edir. Qadınların gələcəyi övladlarımızın gələcəyi deməkdir, övladlarımızın gələcəyi isə cəmiyyətimizin.

Qadın sahibkarlığından danışanda mütləq şəhid xanımlarını da diqqətdə saxlamaq lazımdır. PAŞA Sığorta şirkəti “PAŞA Holding”in dəstəyi və “GİD CSR Consulting” şirkətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhid və qazilərinin xanımları üçün “Ana Sahibkar” adlı layihəni həyata keçirib. Layihənin təşkil olunmasında əsas məqsəd İkinci Qarabağ müharibəsi şəhid və qazilərimizin  xanımları  üçün sahibkarlıq fəaliyyətinə, eyni zamanda, bu sahədə bilik və bacarıqların artırılmasına dəstək vermək idi. “Ana Sahibkar” layihəsi 4 ay müddətində, 30 iştirakçı ilə birgə davam edib və sonda iştirakçıların əksəriyyətinin işlə təmin olunmasına dəstək verilib.

PAŞA Sığorta tərəfindən qadınlara həsr olunmuş digər layihə “GüclüSən” layihəsidir. GüclüSən süd vəzi xərçəngi barədə qadınların maarifləndirilməsi məqsədi ilə yaradılmış KSM layihəsidir. Layihənin əsas məqsədi qadınlar arasında süd vəzi xərçəngi ilə bağlı marifləndirməni artırmaq və vaxtında müayinə etməyin önəmini onlara çatdırmaqdır. Hətta həkimə getmədən şəxsi müayinələrini ev şəraitində necə etməli, hansı risklərlə qarşılaşdıqlarında dərhal həkimə müraciət etmək lazım olduğunu izah etməkdir. Layihə çərçivəsində yerli xəstəxanalarla əməkdaşlıq edilərək tədbirlər keçirilir, qadınlara əlavə imtiyazlar verilir ki, vaxtında müayinələrdən keçsinlər. Çünki vaxtında atılan hər bir addım həyat qurtara bilər.

Təəssüf ki, gündəliyimizin müəyyən hissəsini balaca balalarımızın səhhətinə ayırmaq məcburiyyətində olmuşuq. Mən çox istərdim ki, heç bir balaca bala xəstələnməsin, hər biri sağlam və xoşbəxt olsun, lakin təəssüf ki, bu mümkün deyil. Eyni zamanda çox təəssüf ki, balaların hamısına eyni anda kömək etmək də mümkün deyil. Şirkət olaraq biz talassemiyadan əziyyət çəkən uşaqlar üçün, Birgə və Sağlam İctimai Birliyi mərkəzində yerləşən autizmli uşaqlar üçün, ümumilikdə kimsəsiz övladlar üçün yardım aksiyaları, eləcə də qanvermə aksiyaları təşkil etməyə çalışırıq. Bundan əlavə, “PAŞA Holding” artıq neçə ildir ki, ağır xəstəliklərə düçar olmuş uşaqların müalicəsinə yardım edir ki, bu fəaliyyət 2023-cü ildə də davam edib. Belə ki, şirkətimiz  ötən ilki “Soyuq Əllər, İsti Ürəklər” yarmarkasına qoşularaq, xeyriyyə məqsədilə vəsaitlərin toplanılmasını təşviq edib.

Şəhid xanımlarını vurğuladınız. Xəbərlərdən də görürük ki, ümumilikdə Qarabağ mövzusu sizin üçün xüsusi önəm kəsb edir. Biraz bu barədə də danışardınız.

Şirkətimiz Qarabağın dirçəlməsini, azad edilmiş ərazilərin bərpasını, müharibə iştirakçılarının və ailələrinin rifahını, şəhidlərimizin xatirəsinin yaşadılması mövzusunu birbaşa olaraq öz üzərində məsuliyyət olaraq qəbul edir və bu istiqamətdə çoxsaylı fəaliyyətlər həyata keçirir.

“PAŞA Holding” və maliyyə şirkətlərimiz – PAŞA Bank, Kapital Bank, PAŞA Sığorta və PAŞA Həyat – Qarabağda Heydər Əliyev Fondu tərəfindən icra olunan bərpa proseslərində yaxından iştirak edib. Şirkət olaraq biz Zəngilan, Ağdam və Şuşa şəhərlərində məscidlərin bərpasına dəstək göstəririk. Bundan əlavə, “PAŞA Holding” şəhidlərin əbədi xatirəsinin yaşadılmasını hədəfləyən Bakı şəhərində salınan Zəfər parkının inşasına da dəstək göstərir. Bununla yanaşı, şirkətimiz “Vətən bizə əmanətdir” deyənlərin əmanətlərinin yanında olmağı da özünə borc bilir. Artıq ikinci ildir ki, “PAŞA Holding” və onun törəmə şirkətləri “Vətən əmanətlərinin keşiyindədir” adlı layihə icra edir. Layihə çərçivəsində 44 günlük Qarabağ Müharibəsi və daha sonra baş tutan təxribatlar zamanı şəhid olan şəxslərin 18 yaşadək övladları üçün xüsusi sosial proqram təşkil olunur. Sözügedən balalara Yeni il, Novruz Bayramı, Ramazan və Qurban bayramları, eləcə də Zəfər günü münasibətilə bayram sovqatları təqdim olunur və tədris ilinin başlaması ərəfəsində məktəbli ləvazimatları hədiyyə edilir. Bundan əlavə, sözügedən övladlar PAŞA Sığorta tərəfindən yüksək dəyərli sığorta paketi ilə sığortalanırlar. Bu paket xroniki və stamotoloji xəstəliklərin müayinəsini və müalicəsini də əhatə edir ki, bir çox klassik sığorta paketlərinə bu xidmətlər daxil deyil.

Bu istiqamətdə icra olunan əhəmiyyətli fəaliyyətlərdən biri də şirkətimiz tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə şəhid ailələrinə evlərin təqdim edilməsi və bu evlərin təmir edilməsi fəaliyyətidir. Belə ki, 2023-cü ildə “PAŞA Holding”in dəstəyi ilə 28 ev sıfırdan inşa edilərək şəhid ailələrinə təqdim edilib. Onu da qeyd edim ki, 2020-ci ildən etibarən 2023-cü ilin sonunadək “PAŞA Holding”in dəstəyi ilə 101 şəhid ailəsinə tam təmirli evlər təqdim edilib. Qeyd edim ki, “PAŞA Sığorta” şirkəti, şəhid və qazi ailə üzvlərinin emosional və psixoloji reabilitasiyasını təmin edilməsinə töhfə vermək məqsədi ilə “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatın həyata keçirdiyi “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması” (APRIA) layihəsinə də qoşulub.

Görüşün əvvəlində bildirdiniz ki, dəyər yaratdığınız istiqamətlərdən biri də əməkdaşlarınızdır. Burada nəyi nəzərdə tuturdunuz?

2023-cü ilin sonuna “PAŞA Holding”də çalışanların ümumi sayı 20,000-dən çox əməkdaş təşkil edib ki, bu da 20,000 əməkdaş qarşısında məsuliyyət deməkdir. Bu məsuliyyəti dərk edərək biz hər il beynəlxalq standartlara uyğun olaraq təşkilatımızın sağlamlığını ölçürük və daha  da təkmilləşdiririk. Eyni zamanda, insan resursları komandamız mütəmadi olaraq işçi məmnuniyyəti sorğusu keçirir və əməkdaşlardan birbaşa olaraq onların fikirlərini toplayır. Beləcə, “PAŞA Holding”də istedadların rifahının əsas olduğu iş mühiti yaradırıq ki, bu da davamlı inkişaf, açıq ünsiyyət, qarşılıqlı hörmət və dəstək mədəniyyətində öz əksini tapır. Çox önəmlidir ki, əməkdaşlar eşidildiklərini, inkişaf etdiklərini, şirkətin fəaliyyətində öz töhfələrini və ümumilikdə bir şirkətlər qrupunun üzvü olduqlarını hiss etsinlər.

Onu da qeyd edim ki, davamlı öyrənmə, eləcə də karyera imkanlarını artırmaq üçün təlim proqramlarına əhəmiyyətli dərəcədə sərmayə qoyuruq və burada milyonlarla AZN vəsaitdən söhbət gedir. Yəqin məlumatlısınız, “PAŞA Holding”də artıq neçə ildir ki PAŞA Hub fəaliyyət göstərir. Bu mərkəzin yaradılmasında əsas məqsəd qrup əməkdaşlarımız üçün öyrənmə və inkişaf proqramlarının sistemli şəkildə həyata keçirməkdir. Ayrıca vurğulamaq istərdim ki, 2018-ci ildən etibarən qrupumuzda Sinerji Proqramı həyata keçirilir. Bu proqramın məqsədi əməkdaşlarımız üçün müxtəlif mövzular üzrə görüşlər, tədbirlər, yarışlar təşkil etmək və beləliklə kommunikasiya vasitəsilə əməkdaşlığı möhkəmləndirməkdir. Bununla yanaşı, korporativ dəyərlərimizdən biri olan sahibkarlıq ruhunu və şirkətdaxili innovasiya mədəniyyətini təşviq etmək məqsədilə biz daxili inkubasiya proqramı da həyata keçiririk. Həmin bu proqram vasitəsilə əməkdaşlar yeni ideyalarını irəli sürmək və onları real layihələrə çevirmək imkanı da əldə edirlər.

Elə fəaliyyətlərinizdən də müşahidə edirik ki, şirkətiniz innovasiyalara önəm verir və eyni zamanda innovasiya yönümlü sosial fəaliyyətlər də icra edir. PAŞA Holding biznesə və ümumilikdə iqtisadiyyata dəstək xarakterli layihələr də həyata keçirir. Bununla bağlı nə deyə bilərsiniz?

Bəli, innovasiyalar bizim üçün biznesimizin bir hissəsi olmaqla yanaşı, müəyyən mənada sosial fəaliyyətdir. Belə ki, şirkətimiz bu günə kimi dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək yerli startaplar üçün inkişaf və karyera məsləhətləri proqramları elan edib, texniki sahələr üzrə təhsil alan tələbələrə təqaüdlər verib, hətta onların dünyanın önəmli innovasiya tədbirlərində iştirakını təmin edib. Bunlarla yanaşı, “PAŞA Holding” qeyd olunan sahələrdə mentorların yetişdirilməsini də dəstəkləyir və yerli inkubasiya, akselerasiya və vençur mərkəzlərinə dəstək olur.

InMerge innovasiyalar sammiti də şirkətimizin innovasiya ekosisteminə töhfəsinin bariz nümunəsidir. “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır. Yəqin ki, bilirsiniz, 2023-cü ildə sammitdə “Apple”ın qurucularından olan Steve Wozniak, “Shazam”ın yaradıcısı Chris Barton, “Tesla”nın qurucu ortaqlarından olan JB Straubel kimi məşhur və yaradıcı şəxslər iştirak edib. Ümumilikdə sammitin yaratdığı fürsətlərdən 3000-dən çox insan faydalana bilib. Eyni məqsədə xidmət edərək, “PAŞA Holding” artıq 4-cü dəfədir ki, hakaton da təşkil edir. Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, bu ilki hakatona qeydiyyat hələ də davam edir və maraqlanan şəxslər yarışmaya müraciət edə bilər.

Onu da vurğulayım ki, ölkədə ilk vençur kapital fondu və kibertəhlükəsizlik məktəbi də məhz “PAŞA Holding”in dəstəyi ilə fəaliyyətə başlayıb. Bundan əlavə, hazırda ölkəmizdə fəaliyyət göstərən Holberton məktəbi də şirkətimizin dəstəyi ilə ölkəyə cəlb edilib. İnformasiya texnologiyalarına maraq göstərən gənc şagirdlər bu məktəbdə sahə üzrə ekspertlər tərəfindən yüksək keyfiyyətli nəzəri və praktiki biliklər əldə edə bilirlər. Beləcə, bu tədris mərkəzi Silikon Vadisindən yüksək keyfiyyətli texnoloji proqramlarla innovativ və praktik metodologiya vasitəsilə gələcəyin İKT kadrlarını yetişdirir.

İqtisadiyyata təsirə gəlincə, unutmamaq lazımdır ki, PAŞA Qrup fərqli – maliyyə və qeyri-maliyyə sektorlarında fəaliyyət göstərərək, artıq bu sektorlarda ümumi biznes fəaliyyətinə, rəqabətliliyə və beləliklə proqressiv mühitin formalaşmasına töhfə verir. Ölkənin ən böyük şirkətlər qruplarından olaraq “PAŞA Holding” ölkə ərazisində böyük sayda iş yerlərinin yaranmasını təmin edir. Qeyd etdiyim kimi, 2023-cü ilin sonuna “PAŞA Holding”də çalışanların ümumi sayı 20,000-dən çox əməkdaş təşkil etmişdir. Bu, tərəfimizdən 20,000-dən çox iş yerinin təmin edilməsi deməkdir. Belə ki, 2023-cü ildə əməkdaşlara təqdim olunan ümumi kompensasiya məbləği 524 milyon AZN təşkil edib. Düşünürəm ki, ümumilikdə istedadlarımızın inkişafına verdiyimiz töhfə – istər təlim və inkişaf proqramlarının təşkili, istər mədəniyyət, istər beynəlxalaq standartlara uyğun təcrübənin təqdim edilməsi vasitəsilə –  özü özlüyündə yaratdığımız dəyərlərdən biridir. Nəticə etibarı ilə, şirkətimiz bu fəaliyyəti ilə ölkədə kadrlar bazasının və ümumilikdə əmək bazarının inkişafına töhfə vermiş olur. Onu da qeyd edim ki, bundan öncəki sualda adını çəkdiyim PAŞA Hub tərəfindən tələbələr, əmək bazarına yeni daxil olmuş şəxslər üçün də inkişaf proqramları təşkil edilir. Bu proqramlardan ən önəmlisi “Future Shapers” proqramıdır ki, bu proqram istedadlı universitet tələbələrini və yeni məzunları aşkar etmək, onların texniki və yumşaq bacarıqlarının inkişafına töhfə vermək, eləcə də gənclərə bazarda yaranan yeni rollar barədə məlumat vermək məqsədini daşıyır.

İqtisadiyyata töhfə mövzusunun davamı olaraq, “PAŞA Holding”in ölkədə ən böyük vergi ödəyicilərindən biri kimi də çıxış etməsini də vurğulamaq istərdim. 2023-ci ildə şirkətimiz ümumilikdə 258 milyon AZN vergi ödəyib. Lakin biz bununla məhdudlaşmamağa çalışırıq. 2023-cü ildə şirətimiz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sığortaçılar Assosiasiyası və digər qurumlara maliyyə dəstəkləri göstərərək ölkədə kiçik və orta sahibkarlığın, eləcə də sığortaçılıq sahəsinin inkişafına dəstək göstərib. 2023-cü ilin aprel ayından etibarən, “PAŞA Holding”in sponsorluğu və KOBİA və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə “Qarabağ KOB-ları” proqramı da həyata keçirilir. Proqram çərçivəsində şəhid ailələrinin, qazilərin, və müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılmasına, məşğulluğunun təmin edilməsinə dəstək məqsədilə 50-yə yaxın KOB subyekti yaradılıb və lazımi avadanlıqla təmin olunub.

Aytac xanım, ətraflı məlumat üçün sizə təşəkkür edirik. Mən də daxil olmaqla, ölkəmizin bir çox vətəndaşı bu fəaliyyətlər barədə heç məlumatlı belə deyildilər. Bilirəm ki, şirkətiniz bu il yeni – 2024-2026-cı illəri əhatə edən strateji dövrə daxil olur. Son sual olaraq bu mövzu üzrə şərhinizi eşitmək istərdik.

Doğru vurğuladınız – bu il bizim üçün yeni üç illik strateji dövrün başlanğıcıdır. Bu dövrə daxil olanda, biz komandamız ilə oturub bu ildən nə gözlədiyimizi müzakirə etdik. Müzakirələrimiz eyni zamanda PAŞA Holding-in ümumi məqsədini də əhatə edirdi. Özümüzə sual verirdik: PAŞA Holding  niyə fəaliyyət göstərir? Nəyi hədəfləyir? Şirkətin məqsədi nədir? Uzun müzakirələrdən sonra qərara gəldik ki, bütün fəaliyyətlərimizi bir mesaj ətrafında formalaşdıra bilərik: Faydalı olmaq – Dəyər yaratmaq. Yəni şirkətin məqsədi əslində fərqli istiqamətlərdə dəyər yaratmaqdır. Ölkəmizin gündəliyində olan mövzulara töhfə verərək, ölkənin iqtisadi inkişafına, cəmiyyətin rifahına, qlobal mühitdə Azərbaycanın imicinə töhfə verərək – nəticə etibarı ilə biz dəyər yaratmağa çalışırıq. Odur ki, cari strateji dövrdə də biz bu məqsədimizə xidmət göstərməyə çalışacayıq.

Bu məqamda mən iqlim mövzusunu da qeyd etmək istərdim. Bilirsiniz ki, həm ölkəmiz, həm dünya üçün önəmli mövzulardan biri iqlim dəyişikliyi mövzusudur. Mövzunun önəmini anlayaraq, bu strateji dövrdə biz bir şirkətlər qrupu kimi gələcəyimiz qarşısında olan məsuliyyətimizi də nəzərdən keçirəcəyik. Hazırda şirkətimiz həm ətraf mühitə təsir, həm də ümumi dayanıqlılıq baxışlarını nəzərdən keçirir və mövzu üzrə əməliyyat planı formalaşdırır. Düşünürəm ki, cari strateji dövrdə ətraf mühitə, iqlim problemlərinin həllinə, dayanıqlılıq proseslərinə verdiyimiz töhfə də “PAŞA Holding” tərəfindən yaradılan dəyərlər sırasında olacaq.

Təşəkkür edirəm gəldiyiniz üçün.

Mən təşəkkür edirəm.

Son xəbərlər
Digər xəbərlər