İlin əvvəlindən ölkə əhalisinin sayı 8098 nəfər və ya 0,07 faiz artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10164464 nəfərə çatmışdır. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuşdur.
Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil etmiş, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olmuşdur. Hazırda orta hesabla hər 1000 kişiyə 1001 qadın düşür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində ölkədə 20462 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil etmişdir. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 616-sı əkiz, 33-ü isə üçəm doğulanlardır.
2022-ci ilin yanvar-fevral aylarında ölkədə 12557 ölüm halı qeydə alınmış və və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 8,2-dən 7,7-yə düşmüşdür.
Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 9606 nikah və 2505 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5-dən 5,9-a qədər artmış, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalmışdır.