-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan Avropa İttifaqı üçün aşağı karbonlu hidrogen tədarükçüsü ola bilər

Azərbaycanda hidrogen sektorunun inkişafı üçün zəruri olan bütün komponentlərin unikal birləşməsi mövcuddur.

Bunu beynəlxalq konsaltinq şirkəti olan “Boston Konsaltinq Qrupunun (Boston Consulting Group – BCG) icraçı direktoru və tərəfdaşı Vladimir Roqov BCG-nin “yaşıl” hidrogen iqtisadiyyatın qurulmasına həsr olunmuş araşdırmanı (Building the Green Hydrogen Economy) şərh edərək bildirib.

“Azərbaycanda biz hidrogen sektorunun inkişafı üçün zəruri olan bütün komponentlərin unikal birləşməsini görürük. Təbii sərvətlər, infrastruktur, istehlakçı da var. Və bütün bunlar kompakt bir bölgədə cəmlənib. Azərbaycanın bərpa olunan enerji resurslarının potensialı son dərəcə yüksəkdir ki, bu da mühüm rəqabət üstünlüyünü, yəni “yaşıl” hidrogen istehsalının aşağı maya dəyərini təmin etməyə imkan verir. “Global Solar Atlas”a (qlobal miqyasda günəş resursu və fotovoltaik enerji potensialı haqqında məlumat verən pulsuz, onlayn, xəritə əsaslı proqram – red.) əsasən, Azərbaycanda günəş generasiya potensialı İtaliyanın cənubu ilə müqayisə edilə bilər və Almaniyadan təxminən 1.5 dəfə yüksəkdir, Abşeron yarımadasında külək enerjisinin potensialı isə Şimal dənizinin şelf əraziləri ilə müqayisə edilir”, – Vladimir Roqov bildirib.

Onun sözlərinə görə, gəlir baxımından, Avropada gözlənilən hidrogen qiymətinin təxminən 5.8 dollar/kq nəzərə alınmaqla, ölkə ildə təxminən 230-500 mln. dollar əldə edə bilər. Beləliklə, boru kəməri ilə çatdırılan yaşıl hidrogenin tam maya dəyəri yüksək rəqabət qabiliyyətini göstərə və əhəmiyyətli marja təmin edə bilər.

Vladimir Roqov onu da əlavə edib ki, Azərbaycan mövcud qaz kəmərləri şəbəkələri vasitəsilə Avropaya axının 10-15%-nə qədər hidrogeni səmərəli və sərfəli şəkildə nəql edə bilər, xüsusən də Afrikanın cənub-şərqindən ixracı və ya xaricdən mayeləşdirilmiş hidrogenin yüksək səmərəsiz daşınması ilə müqayisədə.

Yeni boru kəmərləri gələcəkdə hidrogenə olan tələbatın artması nəzərə alınmaqla çəkilməlidir. Məsələn, Trans-Adriatik boru kəməri ildə 11 mlrd. kubmetr nəqletmə həcmi ilə Azərbaycandan hidrogenin nəqli potensialı ildə 40-85 min ton təşkil edir (qaz həcminin 5-10%-i). Bu, 2030-cu ildə İtaliyada proqnozlaşdırılan hidrogen tələbinin (2.3 mln. ton) cəmi 2-4%-ni təşkil edəcək”, – Vladimir Roqov bildirib.

Qeyd olunan araşdırmaya əsasən, 2050-ci ilə qədər arasında aşağı karbonlu hidrogenə qlobal sərmayə 6-12 trln. dollar arasında olacaq. Lakin bu həcmin 300-700 mlrd. dolları 2030-cu ilə qədər yerləşdirilməlidir. Azərbaycan özünəməxsus rəqabət üstünlüklərinə görə hidrogen trendinin benefisiarlarından birinə çevrilə bilər. Azərbaycan mühüm regional lider və Aİ üçün aşağı karbonlu hidrogen tədarükçüsü ola bilər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər