9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Beynəlxalq Bankının sədri ilə MÜSAHİBƏ

Müsahibimiz Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimovdur.

-Abbas müəllim, Azərbaycan Beynəlxalq Bankı 2020-ci ili hansı nəticələrlə başa vurdu? 

-İli 183 milyon manat vergidən əvvəl mənfəətlə bitirdik. Ötən il, 2019-cu ilin mənfəətindən səhmdarlarımıza 150 milyon manat dividend ödədik. Bu dividendin böyük bir hissəsi ən böyük səhmdarımız olan dövlətə ödəndi. İl ərzində dövlət büdcəsinə 130 milyon manat mənfəət vergisi ödədik. Kapital mövqeyimiz də kifayət qədər dayanıqlıdır və minimum tələbləri bir neçə dəfə üstələyir. 2020-ci ildə Azərbaycan Beynəlxalq Bankının daha bir yeniliyi oldu. Biz özümüzün yeni investisiya şirkətimizi – “ABB İnvest”i yaratdıq. Əminəm ki, bu törəməmiz də digər törəmələrimiz kimi uğurla öz fəaliyyətinə davam edəcək.

-Bankın ötənilki kreditləşmə fəaliyyətini necə qiymətləndirirsiniz?

-Azərbaycan Beynəlxalq Bankı ötən il kredit portfelini 10 faizədək artıraraq 2,6 milyard manata çatdırdı. İl ərzində real sektorun maliyyələşdirilməsi ilə bağlı kifayət qədər böyük məbləğdə – 700 milyon manatdan artıq məbləğdə kredit qoyuluşu etdik. Ötən il başladığımız və üstünlük verdiyimiz kiçik və orta biznesin kredit portfelini 2 dəfəyədək artırmağı bacardıq. Bu nəticələri də, əsasən, biznes kreditləri sahəsində müasir yanaşmalarımıza və yeni tətbiq etdiyimiz müştəri əlaqələri modelinə borcluyuq. 

-Pandemiya bank sektoruna hansı çətinlikləri yaratdı?

-Səmimi deyim ki, COVID-19 müştərilərimizə xidmət səviyyəsindən tutmuş, iş rejimimizədək təsir etdi. Amma bütün çətinliklərə baxmayaraq bank sektoru bu sınaqdan üzüağ çıxdı. Ən çətin zamanlarda belə müştərilərimizə fasiləsiz xidməti təmin edə bildik. Dövlətimizin vaxtında atdığı məqsədyönlü addımlar nəticəsində sektorumuz, demək olar ki, bütün risklərdən, problemlərdən qorundu. Bank sektoru eyni zamanda dövlətimizin həyata keçirdiyi tədbirlərdə də vasitəçi rolunu oynadı. Çox qısa müddət ərzində sektor olaraq 600 mindən artıq həssas təbəqəyə sosial ödəniş kartları verdik. Onların bir neçə ay boyunca öz sosial ödənişlərini bu kartlarla almasını çox rahat şəkildə həyata keçirdik. Dövlətimiz sosial həssas təbəqə ilə yanaşı, kiçik və orta biznesə, mikrosahibkarlara da dəstəyini əsirgəmədi. Dövlətin subsidiya və digər  ödənişləri məhz ön ofislərdə çalışan bank əməkdaşlarının fədakarlığı nəticəsində çox rahatlıqla öz ünvanına çatdırıldı. 

-Bəs pandemiyanın sektora müsbət təsirləri də oldumu? 

-Bəli, pandemiya bank sektoruna müəyyən müsbət təcrübələr də qazandırdı. Fiziki və hüquqi şəxslərdə, şirkət müştərilərimizdə yeni vərdişlər formalaşdı. Onlar indi xidmətlərdən məsafədən istifadə etməyə üstünlük verirlər. Daha çox rəqəmsal xidmətlərimizdən istifadə etməyə başlayıblar.  Ölkə üzrə həm fiziki şəxs, həm də hüquqi şəxs müştərilərin rəqəmsal xidmətlərdən istifadə səviyyəsi və nağdsız ödənişlərin həcmi kifayət qədər artıb. Əslində, bir il öncə heç təsəvvür belə etməzdik ki, nağdsız ödənişlərin həcmində və rəqəmsal həllərdən istifadədə bu qədər inkişaf olacaq. Bir neçə rəqəmdə fikrimi ifadə etməyə çalışım. Mobil tətbiqimizdən istifadə həcmi artıb. Hər ay yeni 70-80 min müştərimiz mobil tətbiqimizi yükləyir və istifadə etməyə başlayır. Kommunal ödənişlərdə son üç ayda ödənişlərin həcmi və sayı ötən dövrə nəzərən 2 dəfə artıb. Nağdsız ödənişlərlə bağlı bir məqamı nəzərə çatdırım: baxmayaraq ki, sərt karantin rejimində mağazaların bir çoxu fəaliyyət göstərmirdi, buna baxmayaraq kartlar vasitəsilə nağdsız ödənişlərin həcmi 25% artıb. Kartlar vasitəsilə təmassız ödənişlərin sayında isə 10 dəfədən çox artım müşahidə edirik. Pandemiya bizi də müsbət mənada məcbur etdi ki, öz rəqəmsal işlərimizi tezləşdirək, nəzərdə tutduğumuz layihələri daha tez müştərilərin xidmətinə təqdim edək. 2020-ci ilin ortalarında biz öz mobil tətbiqimizi tamamilə yenilədik və yeni simada müştərilərimizin xidmətinə təqdim etdik. Bunun da nəticəsində, təbii ki, bu göstəriciləri artırmağa nail ola bildik. 

-Şirkətlərin rəqəmsal bankçılıq həllərinə marağı necə dəyişir? 

        -Şirkətlərin də rəqəmsal həllərə, məsafədən xidmət imkanlarına marağı kəskin şəkildə artıb. Biz bunları da təbii ki, rəqəmlərdə görürük. Məsələn, ilk banklardan olduq ki, məsafədən bank hesablarının açılması xidmətini müştərilərimizə təqdim edə bildik. Bu günə 700-dən artıq şirkət öz korporativ hesabını məsafədən açıb və bizim müştərimizə çevrilib. Öz korporativ bankçılıq xidmətimizi ötən il ərzində xeyli inkişaf etdirdik. Müştərilərimizdən əldə etdiyimiz rəylər əsasında korporativ bankçılıq sistemimizə yeni funksiyalar əlavə etdik. 2020-ci ildə internet bankçılıq vasitəsilə olan korporativ dövriyyəmizin həcmi də düz 2 dəfə artıb.  Cari ildə korporativ müştərilərimiz üçün internet bankçılıq xidmətimizi də tamamilə yeniləyəcəyik. Özümüzün yaratdığımız Rəqəmsal İnnovasiyalar Mərkəzində müştərilərimizə tamamilə yeni funksionallıqları, yeni istifadəçi rahatlığı və asanlığı olan yeni bir korporativ internet bankçılıq həllini təqdim edəcəyik. İlin sonuna qədər biz bu məhsulumuzu öz kiçik və orta sahibkarlarımıza, eləcə də iri korporativ müştərilərimizə təqdim etməyi bacaracağıq.

       -Bank evdən iş təcrübəsindən istifadə edir?

Deyərdim ki, pandemiyanın iş həyatına, banklara, bütün şirkətlərə qazandırdığı ən müsbət təcrübələrdən biri də elə məhz evdən işləmə ənənəsidir. Məsafədən işləmə ənənəsi bizə kömək etdi ki, xarici mütəxəssisləri də çox rahatlıqla öz layihələrimizə cəlb edə bilək. Bu asanlıq, rahatlıqla yanaşı, xərclərə qənaətə də səbəb olur. Xarici məsləhətçilərin səfərlərinin maliyyələşdirilməsi, təyyarə biletlərinin alınması və s. xərclərdən azad oluruq. Onlar öz mütəxəssislərimizlə birgə bizə istənilən layihədə çox yaxşı dəstək ola bilirlər. Misal üçün biz yeni strategiyamıza uyğun olaraq ötən il xarici məsləhətçilərin dəstəyi ilə Rəqəmsal İnnovasiyalar Mərkəzimizi qurmuşuq. Bu mərkəzdə bankın bütün rəqəmsal həlləri, rəqəmsal məhsulları yaradılır. Mobil bank tətbiqimiz buna gözəl bir nümunədir. Mobil bank tətbiqimizi Azərbaycan Beynəlxalq Bankının əməkdaşları tamamilə sıfırdan yaradıblar və hər gün yeni funksionallıq əsasında onu təkmilləşdirirlər. 

-Bu dövrdə Azərbaycan Beynəlxalq Bankında ixtisarlar oldumu?

-Xeyr, əksinə komandamız böyüyür. Ötən il ərzində də komandamız böyüyüb. Bu gün artıq 2600 nəfərdən çox işçimiz var. Xüsusən ötən il yeni strategiyamızın tətbiqi ilə bağlı gənc istedadları cəlb etmişik. İnformasiya texnologiyaları və rəqəmsal istiqamətdə komandamız daha da genişlənib. İnformasiya texnologiyaları və rəqəmsal komandamızı il ərzində 160 nəfərdən çox artırmağa nail olmuşuq. Azərbaycan Beynəlxalq Bankı hər il gəncləşir. Bu gün bizim orta yaşımız 35-dir. Gənclər üçün Bankda çox yaxşı inkişaf mühiti var. 

-Bu gün Azərbaycan Beynəlxalq Bankında hansı strateji layihələr həyata keçirilir?

-Biz daxildəki strateji layihələrimizi transformasiya layihələri adlandırırıq. Çünki bu layihələr Azərbaycan Beynəlxalq Bankını dəyişdirir, müasirləşdirir və gələcəyə aparır. Misal üçün, ötən il ilk dəfə olaraq informasiya texnologiyaları və rəqəmsal istiqamətlərdə müasir idarəetmə metodu olan Agile – çevik idarəetmə metodunun tətbiqinə başladıq və sınaqdan keçirdik. Sınağımız uğurla keçdi. Bu il isə biznes istiqamətlərində də Agile metodologiyanın tətbiqini nəzərdə tuturuq. 

Hazırda üzərində çalışdığımız layihəyə əsasən deyərdim ki, Azərbaycan Beynəlxalq Bankının xidmət ofislərini müştərilərimiz ilin sonunadək yeni simada görməyə başlayacaqlar. Burada onlar tamamilə fərqli xidmət təcrübəsi görəcəklər. Hədəfimiz odur ki, xidmət ofislərimizdə xidmət və gözləmə müddətlərini 2 dəfəyədək azaldaq. Rəqəmsal həllərimizin funksiyalarının zənginləşdirilməsi istiqamətində də layihələrimiz davam edir. Bu layihələrimiz imkan verəcək ki, müştərilərimiz arzu etdikləri xidmətləri məsafədən görsünlər. Bu il rəqəmsal həllərlə bağlı strateji istiqamətimizə daha çox üstünlük veriləcək. 

-Yaxın illərdə ölkə iqtisadiyyatının inkişafında Azərbaycanın Beynəlxalq Bankının rolunu necə təsəvvür edirsiniz?  

-Tarixi qələbəmizdən sonra Azərbaycan uzunmüddətli dövrdə mahiyyətcə yeni bir strateji inkişaf mərhələsinə daxil olur. Bu yeni reallığın çağırışlarını nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib. Dayanıqlı şəkildə artan rəqabətqabiliyyətli iqtisadiyyat,  dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı kimi tanınmaq, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmaq növbəti on il üzrə dövlətin əsas milli prioritetləridir.

Azərbaycan Beynəlxalq Bankı da müasir dövlət bankı olaraq milli priorirtetlərdə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi, o cümlədən real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payının artırılması, sahibkarlıq fəaliyyətinin inkişafına təkan verilməsi, innovativ inkişaf layihələrinə dəstək və banklara etimadın yüksəldilməsi üçün bütün imkanlardan istifadə edəcək. 

Sırf bank sektoruna aid vəzifələrimizlə yanaşı, ölkənin aparıcı biznes qurumlarından biri olaraq müxtəlif korporativ sosial məsuliyyət layihələrimizlə, təşəbbüslərimizlə digər milli prioritetlər üzrə də faydalı olmağa çalışacağıq. 

-Müsahibə üçün təşəkkür edirik. Sonda Bankın müştəriləri ilə bölüşmək istədiyiniz başqa bir yenilik varmı ? 

-Bir az öncə qeyd etdiyim kimi, 2021-ci ilin sonlarına doğru müştərilərimiz Azərbaycan Beynəlxalq Bankının bir neçə iri filialını yeni simada görəcəklər. Bu xəbərin davamı kimi bir gözəl xəbəri də bölüşmək istəyirəm. Gələn il Azərbaycan Beynəlxalq Bankının yaranmasının 30 illiyidir. Çox yaxında, 30 illiyimiz ərəfəsində, bu illər ərzində Azərbaycan Beynəlxalq Bankına inanan, onu dəstəkləyən müştərilərimizə brend kimliyimizlə bağlı da xoş bir sürprizimiz olacaq. 

Müsahibənin videosunu buradan izləyə bilərsiniz: https://youtu.be/JKii_QG1pik

 

Son xəbərlər
Digər xəbərlər