Bu ilin sonuna Azərbaycanda 29 mlrd. kVt·st-dan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
Bu barədə energetika naziri Pərviz Şahbazovun “Energetiklər Günü” münasibətilə rəsmi mətbuatda dərc olunan məqaləsində bildirilib.
Məqalədə qeyd olunur ki, son 20 il ərzində generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib. Belə ki, hazırda ümumi gücü 29 256,5 MVA olan 110-500 kV-luq 368 yarımstansiya istismardadır. Həmçinin Gürcüstan, Rusiya, İran və Türkiyə ilə enerji sistemlərinin əlaqələndirilməsi sayəsində elektrik enerjisi mübadiləsi və ticarəti həyata keçirilir. Bütün bunların nəticəsi olaraq ölkəmizdə elektrik enerjisinin istehsalı 2003-cü illə müqayisədə 37% artaraq ötən il 29004.3 mln. kVt·st olub.
“Son 20 ildə elektrik enerjisinin idxalı 17 dəfə azaldı, ixracı isə 3 dəfədən çox artıb. Elektrik enerjinin ixracı 2022-ci ildə 2997.5 mln. kVt·st olub ki, bu da 2003-cü illə müqayisədə 2126.8 mln. kVt·st çoxdur. Həmçinin idxal 2003-cü ildəki 2436.3 mln. kVt·st-lıq göstəricidən ötən il 137.2 mln. kVt·st-a qədər azaldı. 2023-cü ilin sonuna 29 mlrd. kVt·st-dan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır”, – nazir məqaləsə bildirib.
Pərviz Şahbazovun sözlərinə görə, 20 il ərzində ümumi gücü 4000 MVt-a yaxın 71 elektrik stansiyasının inşası ilə ölkəmizin enerji sisteminin qoyuluş gücü 8002 MVt-a yüksəlib.
Vurğulanıb ki, hazırda ölkəmizdə 78 stansiya fəaliyyət göstərir: bunlardan 22-i istilik elektrik stansiyası, 39-u su, 5-i külək, 8-i günəş enerjisi ilə işləyən stansiyalardır. Həmçinin 3 hibrid elektrik stansiya və 1 bioenerji elektrik stansiyası fəaliyyətdədir.