Azərbaycan 2026-cı ilin yanvar-avqust aylarında neft-qaz sektoruna daxil olan malların ixracından 15,54 milyard dollar gəlir əldə edib. Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% çoxdur.
Xam neft ixracının dəyəri 10,6% artaraq 9,28 milyard dollara yüksəlib. Bununla belə, ixracın fiziki həcmi 7,8% azalaraq 14,68 milyon tona düşüb. Təbii qaz ixracının dəyəri isə əksinə, 4,8% azalaraq 5,71 milyard dollar təşkil edib. Neft məhsullarının ixracı təxminən 2 dəfə artaraq 466,8 milyon dollara çatıb.
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan xam nefti əsasən İtaliya, Çexiya, Rumıniya, Hindistan, Tunis, Almaniya, Bolqarıstan, Portuqaliya, İsveçrə və Yunanıstana ixrac edib. Ən böyük alıcı İtaliya olub: bu ölkəyə 8,47 milyon ton neft 5,23 milyard dollara satılıb ki, bu da xam neft ixracından əldə olunan ümumi gəlirin təxminən 56%-nə bərabərdir. Çexiyaya ixrac 1,06 milyon ton və 712,8 milyon dollar, Rumıniyaya 924,9 min ton və 581,7 milyon dollar, Hindistana 524,3 min ton və 399,2 milyon dollar, Tunisə isə 429,4 min ton və 266,3 milyon dollar təşkil edib.
“BP Azerbaijan”ının məlumatına görə, 2026-cı ilin ilk yarısında Azəri-Çıraq-Günəşli (AÇG) yataq blokunda gündəlik orta neft hasilatı 323 min barel təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% azdır. Altı ayda ümumilikdə təxminən 59 milyon barel və ya 8 milyon ton neft hasil olunub. Bununla yanaşı, layihə üzrə əsaslı məsrəflər 31,4% artaraq 733 milyon dollara çatıb, 12 yeni quyu tamamlanıb. Dövlətə təhvil verilən səmt qazının həcmi illik müqayisədə təxminən 33% artaraq 2 milyard kubmetrə yüksəlib. Ətraflı.
Enerji bazarında sentyabrda qiymətlər yenidən kəskin yüksəlib. Sentyabrın 15-də Azərbaycanın “Azeri Light” markalı neftinin İtaliyanın Augusta limanında CIF qiyməti bir gündə 7,27 dollar və ya 6,1% artaraq 127,29 dollar/barel olub. Müqayisə üçün, Brent həmin gün təxminən 107 dollar/barel ətrafında ticarət olunub.
Avropada təbii qazın əsas qiymət göstəricisi olan Niderland TTF fyuçersləri isə 82,3 avro/MWh ətrafındadır. Mövcud avro-dollar məzənnə və qazın orta enerji tutumu ilə hesablandıqda bu, hər 1000 kubmetr təxminən 1 000 dollar olması deməkdir.
Neftin bahalaşmasının əsas səbəbi Yaxın Şərqdə enerji təchizatı ilə bağlı risklərin kəskin artmasıdır. Səudiyyə Ərəbistanının Hörmüz boğazından yan keçməyə imkan verən Şərq-Qərb neft kəmərinin hücumlardan sonra dayanması, Hörmüzdən gəmi keçidlərinin kəskin azalması və Yəməndə husilərin hücumlarının genişlənməsi bazarda təklif çatışmazlığı qorxusunu artırıb. Reuters-in məlumatına görə, kəmərin dayanması qlobal neft təklifinin təxminən 4%-nə qədər hissəsini risk altına sala bilər.
Qaz bazarında da əsas təzyiq Yaxın Şərqdən gəlir. Hörmüz böhranı və regiondan LNG tədarükünün azalması qlobal mayeləşdirilmiş qaz bazarını sıxlaşdırıb. Avropanın qaz anbarlarının səviyyəsi də əvvəlki illərlə müqayisədə aşağıdır və qış mövsümü yaxınlaşdıqca Avropa ilə Asiya arasında LNG uğrunda rəqabət artır. Bu amillər TTF qiymətini 2022-ci ilin sonundan bəri ən yüksək səviyyələrə yaxınlaşdırıb.
Bu arada, beynəlxalq reytinq agentliyi “Moody’s” hesab edir ki, Yaxın Şərqdə geosiyasi gərginlik və Hörmüz boğazında gəmiçilik riskləri Azərbaycan və Qazaxıstan kimi neft ixracatçıları üçün əlavə gəlir imkanları yarada bilər. Agentliyin fikrincə, neft qiymətlərinin yüksəlməsi ixrac gəlirlərini və dövlət maliyyəsini gücləndirə, enerji şirkətlərinin gəlir və likvidliyini artıra bilər. Eyni zamanda, Hörmüzdəki risklər Xəzər regionu və Cənubi Qafqaz üzərindən keçən Orta Dəhlizin əhəmiyyətini artırır; Çin–Qazaxıstan–Xəzər–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa xətti qlobal ticarət axınlarının yenidən istiqamətlənməsindən faydalana bilər. Bununla belə, “Moody’s” dəhlizin genişləndirilməsi üçün iri investisiyalara ehtiyac olduğunu, Xəzərdə keçid imkanları, infrastruktur məhdudiyyətləri, layihələrin icrası və borc yükünün əsas risklər olaraq qaldığını, region ölkələrinin isə enerji və əmtəə qiymətlərinin artması səbəbindən inflyasiya və yüksək faizlər kanalı ilə mənfi təsirlənə biləcəyini bildirir.







