Beynəlxalq Valyuta Fondunun (IMF) cari ilin iyun ayının sonundan etibarən Azərbaycandakı ofisinin bağlanması ilə bağlı qərarını təbii qarşılayır.
Bu barədə Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyevə istinadən xəbər verilir.
“Beləki, 1992-ci ildən IMF-ə üzv qəbul edilən Azərbaycan 1993-2001-ci illlərdə Fond ilə sıx əməkdaşlıq edib, bir sıra proqramların keçirilməsi üçün Fonddan kreditlər cəlb edib, bununla əlaqədar həmin illər ərzində ölkəmizdə IMF-in ofisi rezident nümayəndəlik statusunda fəaliyyət göstərib”, – M. Piriyev qeyd edir.
Maliyyə Nazirliyinin rəsmisi bildirib ki, IMF-in əsas missiyası xərclərini gəlirləri ilə tarazlaşdırmaqda maliyyə çətinlikləri çəkən və xarici valyutada olan ehtiyyatlarının tükənməsi problemləri ilə üzləşən üzv ölkələrdə makroiqtisadi və fiskal vəziyyətin sabitləşdirilməsini və yaxşılaşdırılmasını dəstəkləyən kredit və maliyyə yardımı proqramları həyata keçirməkdən ibarətdir. Azərbaycan hökuməti sonuncu dəfə 2001-ci ildə IMF-dən kredit cəlb edib, 2015-ci ilədək isə Fonda olan bütün kreditlərini geri qaytarıb.
“Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, ümumi daxili məhsulun (ÜDM) əhəmiyyətli artımı, neft gəlirlərinin idarə edilməsi məqsədilə Dövlət Neft Fondunun yaradılması, dövlətin xarici borc öhdəliklərini dəfələrlə üstələyən xarici valyuta ehtiyyatlarının formalaşdırılması nəzərə alınaraq 2009-cu ildən etibarən Azərbaycan Respublikasının Fondla əməkdaşlığı yalnız illik məsləhətləşmələr formatında və bəzi texniki yardımların alınmasından ibarət olub. Müvafiq olaraq, bu müddət ərzində IMF öz Bakı ofisini kiçildmişdir və faktiki olaraq bir nəfər əlaqələndirici şəxslə təmsil olunurdu. Maliyyə Nazirliyi də hesab edir ki, Fondun yerli ofisinin bağlanması məntiqli bir addımdır və bir növ ölkəmizin maliyyə dayanıqlığı baxımından başqa – daha yüksək çəki kateqoriyasına irəliləməsinin və iqtisadi reytinqinin artmasının göstəricisi sayıla bilər”, – deyə M.Piriyev qeyd edib.
Maliyyə Nazirliyinə ünvanlanan məktubda Fond özü də bu qərarını məhz Azərbaycanın hazırda dayanıqlı iqtisadiyyata və böyükhəcmli maliyyə ehtiyatlarına malik olması imkanları prizmasından baxaraq ölkəmizlə gələcəkdə proqram xarakterli əməkdaşlığa və ofisin fəaliyyətinə ehtiyacın qalmaması ilə izah edib.
Bakıda Fondun yerli ofisinin olmaması şəraitində texniki dəstək çərçivəsində olan əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulduğunu qeyd edən M.Piriyev əlavə edib ki, Qazaxıstanın Almatı şəhərində yeni təsis edilmiş IMF-in Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzinin fəaliyyətinə Azərbaycan tərəfindən maliyyə dəstəyinin göstərilməsi qərara alınıb. Artıq Azərbaycanın bir sıra dövlət qurumları bu Mərkəzin fəaliyyətindən, təlim və texniki ekspertizalarından faydalanmaq üçün maraq göstərirlər.