26 C
Baku
Friday, April 19, 2024

Azərbaycan-İtaliya münasibətləri: “Mavi iqtisadiyyat”ın inkişafı perspektivləri

Azərbaycan İtaliya və Avropa iqtisadiyyatı üçün vacib ölkəyə çevrilib. İndiki geosiyasi reallıqlarda Azərbaycan kimi tərəfdaşların və müttəfiqlərin olması son dərəcə mühüm amildir. Bakı İtaliyanın enerji təchizatı mənbələrinin şaxələndirilməsində əsas oyunçudur. Bundan əlavə, İtaliyanın beş universiteti ilə əməkdaşlıq nəticəsində yeni İtaliya-Azərbaycan Beynəlxalq Universiteti yaradılıb. İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında tədqiqat, texnologiya, bacarıq və innovasiya mübadiləsi üçün mərkəz olacaq və Azərbaycanın mədəni kimliyi və ənənələri üzərində qurulmaqla innovasiyaya əsaslanan inkişaf istəklərinə töhfə verəcək. Aqrar-ərzaq sektorunda gənc operatorlar üçün peşəkar təlim kursları və kənd təsərrüfatı, ətraf mühit, qida elmləri və texnologiyaları üzrə doktorluq dərəcəsinin artırılması üçün doktorantura hazırlığı kursu da təşkil olunacaq.

Banker.az xəbər verir ki, bunları Qafqaz üzrə analitik, Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun (IREPI) prezidenti Domeniko Letizia “vergiler.az”a müsahibəsində deyib.

Azərbaycan qazının İtaliya üçün rolundan danışan Letizia bildirib ki, hazırda Azərbaycan qazının nəql olunduğu Trans-Adriatik Boru Kəməri (TAP) sayəsində yaxın dövrlərdə İtaliya bütövlükdə Avropa üçün mühüm enerji ölkəsinə çevrilə bilər. Azərbaycan, həmçinin, diplomatik baxımdan da türkdilli dövlətlərin və Gürcüstanın Avropa ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm oyunçu ola bilər.

Domeniko Letizia vurğulayıb ki, iki ölkə arasında kommersiya və iqtisadi perspektivlər saysız-hesabsızdır: kənd təsərrüfatı, aerokosmik sənaye, sənaye innovasiyası, ekoloji keçid və ətraf mühit. “Bundan əlavə, Bakı ilə Neapol körfəzi arasında logistika, enerji və gəmiçilik imkanlarının ümumi tədqiqindən başlayaraq, “mavi iqtisadiyyat” adlanan dəniz potensialının inkişafı üzrə əməkdaşlığı xüsusi vurğulamaq istərdim” – deyə, o, əlavə edib.

“İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Lakin ticarətin strukturuna nəzər salsaq, ixracda enerji resurslarının üstünlük təşkil etdiyini görə bilərik. Bu baxımdan, ticarət əlaqələrinin şaxələndirilməsi üçün nə kimi tədbirlər görülməlidir və hansı qeyri-enerji sahələri üzrə inkişaf perspektivləri var?” sualına isə belə cavab verib: “Fikrimcə, TAP sayəsində eyni qaz infrastrukturundan istifadə etməklə hidrogenin tədarükünü təşkil etmək mümkündür. Kənd təsərrüfatı, innovativ şəhərsalma, memarlıq işlərinin rəqəmsallaşdırılmasını və s. vacib elementlər kimi qeyd etmək olar”.

Domeniko Letizia qeyd edib ki, Azərbaycan və İtaliya bərpa olunan enerji mənbələri sahəsində birgə fəaliyyət göstərə bilərlər. Tərəflər hidrogen, eləcə də dəniz və dəniz dalğaları enerjisi üzrə ümumi tədqiqatlardan başlaya bilərlər: “Dediyim kimi, “mavi iqtisadiyyat”ın imkanları ilə bağlı tədqiqatları birgə inkişaf etdirmək maraqlı olardı. “Mavi iqtisadiyyat” texnoloji innovasiyalar vasitəsilə davamlı iqtisadi sistem yaratmağa yönələn iqtisadi modeldir və “yaşıl iqtisadiyyat”ın bir hissəsidir. O, özü üçün istehsal və təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirini nəzərə alan iqtisadi artım sistemi qurur. Bu iqtisadiyyatın məqsədi iddialı, lakin qeyri-mümkün olmayan bir layihə kimi, sıfır CO2 emissiyasına nail olmaqdır. “Mavi iqtisadiyyat” texnoloji yeniliyə və fiziki prinsiplərin inkişafı yolu ilə mövcud resursların təkrar istifadəsinə əsaslanır”.

Son xəbərlər
Digər xəbərlər