12 C
Baku
Friday, March 29, 2024

Azərbaycana gələn turistlərin sayı 8,5% artıb – rəqəmlər

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 193 ölkəsindən 1 mln. 976,9 min əcnəbi vətəndaş gəlib. Bu barədə Banker.az-a məlumat Dövlət Statistika Komitəsindən verilib.

“Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycana 8,5% çox əcnəbi gəlib. Gələnlərin 31,6%-i Rusiya Federasiyası, 19,5%-i Gürcüstan, 9,4%-i İran, 9,8%-i Türkiyə, 3,5%-i Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarıdır”, – məlumatda bildirilir.

Gələnlərin 66,4%-ni kişilər, 33,6%-ni isə qadınlar təşkil edib.

“Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Belə ki, ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 2,2 dəfə, Səudiyyə Ərəbistanı və Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər vətəndaşlarının sayı 1,9 dəfə, Oman vətəndaşlarının sayı 9,5 dəfə artıb”, Komitədən qeyd olunub.

Eyni zamanda, yanvar-avqust aylarında ötən ilin analoji dövrü ilə müqayisədə İraq vətəndaşlarının sayı 25,4%, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 5,6% azalıb.

2018-ci ilin yanvar-avqust aylarında MDB ölkələrindən gələnlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 5,5% artaraq 734 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8% artaraq 77 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,1%-i dəmir yolu və avtomobil, 42,9%-i hava, 1%-i isə su nəqliyyatından istifadə edib.

2018-ci ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,7% artaraq 3 mln. 89,8 min nəfər olub. Ölkə vətəndaşlarının 30,9 faizi Gürcüstana, 29,7 faizi İrana, 19,6 faizi Rusiya Federasiyasına, 13,4 faizi Türkiyəyə, 1,6 faizi Ukraynaya, 1 faizi Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

“Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,1 faizi dəmir yolu və avtomobil, 19,1 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib”, – məlumatda bildirilir.

Son xəbərlər
Digər xəbərlər