Ötən il kompüterdən, mobil telefondan və internetdən istifadə edən əhalinin ölkə üzrə bütün əhalinin xüsusi çəkisində artım müşahidə olunub. Son 5 ildə ölkədə internetdən istifadə edənlərin sayı 8,3% artıb. 2022-ci il üzrə aparılan sorğunun nəticəsinə əsasən, Azərbaycanda əhalinin 88,1%-i internet istifadəçisidir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqladığı “Azərbaycanda Rəqəmsal İnkişaf: faktlar, təhlillər, rəqəmlər” hesabatında qeyd olunub.
Hesabatda bildirilib ki, kompüteri olan ev təsərrüfatlarının bütün ölkə üzrə ev təsərrüfatlarında xüsusi çəkisi 2022-ci ildə 75,8% təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 11,7%, ötən illə müqayisədə isə 4,2% çoxdur.
2018-ci ildə mobil telefonu olan ev təsərrüfatlarının bütün ev təsərrüfatlarında xüsusi çəkisi 87.6 faiz olubsa, ötən il bu rəqəm 91.5 faiz təşkil edib. 2018-ci ildə internetə çıxışı olan ev təsərrüfatlarının bütün ev təsərrüfatlarında xüsusi çəkisi 78.2, ötən il isə 87.8 faiz olub.