Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 9 kredit ittifaqının lisenziyasını ləğv etməsinə münasibət bildirib.
Banker.az xəbər verir ki, Assosiasiyanın sədri Cəlil Süleymanov Report-a açıqlamasında Palatanın qərarının onlar üçün gözlənilməz olmadığını deyib.
“Həmin 9 kredit ittifaqından 4-ü – Beyləqan rayonundakı “Ekonom” və “Şahsevən”, Şəki şəhərindəki “Göyçə” və “Nicat” kredit ittifaqları AKİA-nın üzvləridir. Bildiyim qədər həm onlar, həm də Assosiasiyaya üzv olmayan digər 5 kredit ittifaqı maliyyə problemi ilə əlaqədar 3 ildən çoxdur ki, faktiki fəaliyyətsizdirlər. Yəni, bu qurumlar kreditləşmə ilə məşğul deyillər, heç maliyyə hesabatlarını da vaxtında, qrafikə uyğun MBNP-yə təqdim etmirlər. Odur ki, son qərar bizim üçün gözlənilməz olmadı”, – deyə o, qeyd edib.
AKİA rəhbəri mikromaliyyə sektorunda bundan sonra da “təmizləmə”nin gedəcəyini, kredit ittifaqlarının sayının daha da azaldılacağını istisna etməyib.