9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda alternativ enerji sahəsində hərraclar bu il keçirilə bilər

Bu il Azərbaycanda bərpa olunan və alternativ enerji sahəsində layihələrin inkişafı üzrə hərracların keçirilməsi imkanı kifayət qədər yüksəkdir.

Bunu jurnalistlərə Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov deyib.

“Bunun qanunvericilik çərçivəsi hazırlanır. Bizim bərpa olunan enerji sahəsində qanunumuz artıq vizalanma mərhələsindədir. Eyni zamanda, hərrac üçün hazırlıq işləri gedir. Bunun 2020-ci ildə olma ehtimalı kifayət qədər yüksəkdir”, – deyə E. Soltanov qeyd edib.

Qeyd edək ki, öncə ölkədə bərpa edilə enerji mənbələrinin inkişafı üzrə 8 perspektiv sahə seçilmişdir. Bildiyimiz kimi, bu ilin yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə “ACWA Power” və “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib.

Müqavilələri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, “ACWA Power” şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan və “Masdar” şirkətinin icraçı direktoru Məhəmməd Cameel Al Ramahi imzalayıblar. Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Pilot layıhələrin keçirilməsi üçün bərpa edilən enerji mənbələrin inkişafı üçün nəzərdə tutulan sahələrdən üçü nəzərdə tutulub.

E. Soltanovun sözlərinə görə, hazırda bu sahədə layihələrin inkişafı üçün 5 sahə mövcuddur. Bununla yanaşı, potensial olaraq 5 şirkət Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində layihələrdə iştirak etməkdə və sərmayələrin qoyulmasında maraqlıdır.

Qeyd edək ki, ölkənin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

©APA

Son xəbərlər
Digər xəbərlər