10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda “Hədəfli maliyyə sanksiyaları” layihəsi hazırlanıb: bu aktivlər dondurulacaq

Hədəfli maliyyə sanksiyalarının hansı tədbirlər nəzərdə tutduğu məlum olub.

Bu, “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni hazırlanan qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, hədəfli maliyyə sanksiyaları cinayət mühakimə icraatı çərçivəsində tətbiq edilən tədbirləri əvəzləmədən, önləyici xarakter daşıyaraq, terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə aşağıdakı tədbirləri nəzərdə tutur:

– aktivlərin təxirəsalınmadan dondurulması;

– sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların aktivlər, iqtisadi resurslar və ya maliyyə və digər əlaqəli xidmətlərlə təmin edilməsinin qadağan edilməsi.

Aktivlərin dondurulması ilə bağlı tədbirlərin həyata keçirildiyi vaxt həmin aktivlərdə payı olan fiziki şəxslərin və ya qurumların mülkiyyətində saxlanılır. Həmin aktivlər üçüncü tərəfin idarəçiliyində saxlanıla, yaxud həmin şəxslər tərəfindən aktivlər dondurulanadək tətbiq edilmiş digər hüquqi mexanizmlər vasitəsilə, habelə normativ hüquqi aktlara müəyyən edilmiş digər qaydalara uyğun olaraq idarə edilə bilər.

Eyni zamanda layihə ilə hədəfli maliyyə sanksiyalarının tətbiq edildiyi aktivlər də müəyyənləşir.

Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi fəaliyyəti ilə bilavasitə əlaqəli olub-olmamasından asılı olmayaraq aşağıdakı aktivlər dondurulmalıdır:

– sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların aktivləri;

– sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan aktivlər, habelə belə aktivlər vasitəsilə əldə edilmiş digər aktivlər,

– sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslərin və qurumların aktivləri;

– sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumların aktivləri.

Bu Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər