9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda “Halal Hotel”lərin olması turizmin inkişafına nə verəcək?

Dövlət Turizm Agentliyi Azərbaycandakı turizm obyektlərinə “halal hotel” sertifikatı verməyə hazırlaşır.

Bu, beynəlxalq təcrübə əsasında, halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul olunduqdan sonra baş tutacaq.

Son illər dünya turizm bazarında “halal otel” konsepti xüsusi diqqət mərkəzindədir. Bu konsept, əsasən, İslam qanunlarına uyğun xidmət göstərən hotelləri əhatə edir. “Halal otel” sertifikatları ziyarətçiləri İslam dininin tələblərinə uyğun qida, yaşayış və digər xidmətləri təmin edən otellərə verilir. Halal turizm sektoru, xüsusilə ərəb və Asiya ölkələri üçün böyük əhəmiyyət kəsb edir və bu sahədə geniş inkişaf imkanları mövcuddur.

Bəs Azərbaycanda “Halal hotel”lərin olması turizmin inkişafına nə verəcək?

“Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurov deyir ki, Bakıda və digər rayonlarda hazırda “halal otel” konseptində çalışan hotellər olsa da, onlar sertifikatlaşdırılmayıb: “Həmin hotellər sahibkarların şəxsi təşəbbüsü ilə qurulub, fəaliyyət göstərir. Gələcəkdə onların sertifikatlaşdırılması nəzərdə tutulub ki, bu da həmin hotellərin müəyyən standartlar əsasında, halallıq prinsiplərinə uyğun fəaliyyət göstərməsini təmin edəcək. Bu, bütün hotellərə aid deyil. Sertifikatlaşdırma könüllüdür və burada heç bir məcburiyyət yoxdur. Sertifikasiyadan keçən hotellərdə müəyyən qaydalara riayət olunmalıdır. Məsələn, spirtli içkilər təqdim edilmir və içməyə də icazə verilmir. Eyni zamanda otaqlarda namaz qılmaq üçün imkan olmalıdır. Hotelin özündə namaz qılmaq üçün ayrıca kiçik bir məscid fəaliyyət göstərə bilər. Xüsusən də qidalarda halal məhsullara diqqət yetirilir və alınan məhsulların halallığına xüsusi önəm verilir”.

Bundan başqa, onun sözlərinə görə, “Halal hotel” sertifikatı almış hotellərdə çimərliklərin kişilər və qadınlar üçün ayrı olması və onların rahatlığı üçün şəraitin yaradılması tələb olunur: “İslam ölkələrindən gələn və halallıq prinsiplərinin qorunmasını istəyən müştərilər üçün bu, bir məmnuniyyət mənbəyi olmalıdır. Bunun nümunələri bir çox ölkələrdə mövcuddur və bu müştəri seqmenti kifayət qədər böyükdür. Türkiyə, Malayziya və İndoneziya kimi ölkələrdə halallıq prinsipləri ilə fəaliyyət göstərən hotellər daha çox yayılıb. Bu cür hotellərin olması, Azərbaycan turizmində bu seqmentdə olan turistlərin məmnunluğunu artıracaq. Hesab edirəm ki, bu prinsiplərlə işləyən bəzi hotellər özləri könüllü şəkildə bu sertifikasiyadan keçərək bazarda özlərini bu formada mövqeləndirəcəklər və bu da sırf tələbatdan irəli gəlir. Turizm məhsullarının çeşidlənməsi baxımından bu, müsbət bir addımdır. Çünki turistlərin müəyyən bir hissəsi məhz İslam ölkələrindən gəlir”.

Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərindən birinin rəhbəri İlahə Məmmədova isə deyir ki, halal turizmdən əsasən Asiya, xüsusilə də ərəb ölkələri yararlanır: “Hazırda bir neçə ölkədə bu konseptdə hotellər fəaliyyət göstərir, xüsusilə Türkiyə bu sahədə populyardır. Azərbaycanda da hotellər bu istiqamətdə fəaliyyətini tam formalaşdıra, müəyyən bir turist qrupunu cəlb edə bilər. Standartlara uyğun tam texniki imkanlar var, bundan yararlanmaq lazımdır. Bunların hamısını birləşdirərək bu məhsulu üzə çıxartmaq lazımdır. Düşünürəm ki, hotellərin bir qismi bu istiqamətdə addımlar atacaq. Burada müəyyən bir turist qrupu var ki, onlar bu xidmətlərdən yararlanacaqlar”.

“Bununla yanaşı, maarifləndirmə işləri də aparılmalıdır. Turizm şirkətləri turistlərə bu prosesi düzgün şəkildə çatdırmalıdır. Paralel olaraq turizm şirkətləri xarici əməkdaşları ilə birlikdə beynəlxalq sərgilərdə iştirak etməlidir. Məhsulla bağlı çox işlər görülməlidir. Hesab edirəm ki, yerli hotellər buna maraq göstərib yararlana bilərlər. Azərbaycan, halal turizm sahəsində inkişaf edərək, İslam ölkələrindən gələn turistlər üçün daha cəlbedici bir məkana çevrilə bilər. Bu, həm yerli iqtisadiyyata müsbət təsir edər, həm də turizm sektorunda rəqabət qabiliyyətini artırar” – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər