Azərbaycanda idxalçı şirkətlər nisbətən ucuz kərə yağına üstünlük verir

Azərbaycanda kərə yağı idxalının həcmi bu il 22.1% artsa da, idxalın orta qiyməti 11.3% ucuzlaşıb. Bu, idxalçıların daha bahalı Yeni Zelandiya məhsullarından daha çox İran və Belarus mənşəli, nisbətən ucuz kərə yağına yönəlməsi fonunda baş verib.

Banker.az xəbər verir ki, 2026-cı ilin ilk 4 ayında ölkəyə 8.74 min ton kərə yağı idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22.1% çoxdur. 2025-ci ilin ilk dörd ayında ölkəyə 7.16 min ton kərə yağı gətirilmişdi.

Kərə yağı idxalına çəkilən xərc isə 8.2% artaraq 50.83 mln. dollardan 55.01 mln. dollara yüksəlib. Beləliklə, ilin ilk dörd ayında bu məhsulun idxalına görə ölkədən əlavə 4.18 mln. dollar valyuta çıxıb.

İran Azərbaycana kərə yağı ixrac edən əsas ölkə olaraq qalır. İrandan idxal 49.6% artaraq 2.88 min tondan 4.31 min tona yüksəlib. Dəyər ifadəsində isə idxal 26.8% artaraq 17.88 mln. dollardan 22.68 mln. dollara çatıb.

Belarusdan idxal həcmi 2.7 dəfə artaraq 473 tondan 1.29 min tona yüksəlib. Səudiyyə Ərəbistanından idxal 45.8% artaraq 700 tona yaxınlaşıb, Ukraynadan tədarük isə 25.2% artaraq 599 tona çatıb.

Buna qarşılıq, Yeni Zelandiyadan idxal 44.3% azalaraq 1.72 min tondan 959 tona enib. Türkiyədən idxal isə 67.5% azalaraq 68 tondan 22 tona düşüb.

Kərə yağı idxalının həcmi 22.1% artsa da, orta idxal qiyməti 11.3% azalaraq ton başına 7 101 dollardan 6 296 dollara enib. Orta qiymətin aşağı düşməsində əsas amillərdən biri idxal strukturunun dəyişməsi olub. Belə ki, nisbətən aşağı qiymətli məhsul təklif edən İran və Belarusun ümumi idxaldakı payı artıb, daha yüksək qiymətli Yeni Zelandiya məhsullarının payı isə azalıb.

Məsələn, 2026-cı ilin ilk 4 ayında İrandan idxal olunan kərə yağının orta qiyməti hər ton üçün 5 264 dollar, Belarusdan idxal olunan məhsulun orta qiyməti isə 5 621 dollar təşkil edib. Halbuki, Yeni Zelandiyadan gətirilən kərə yağının orta idxal qiyməti 8 200 dollar olub.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər