15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda kartof güvəsinin risk təhlili hazırlanıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən kartof güvəsinin (Phthorimaea operculella, Zeller) ekspress risk təhlili hazırlanıb. Risk təhlili xidməti istifadə üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) təqdim edilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Sənəddə AQTİ-nin Mərkəzi Fitosanitar laboratoriyasına 2019-cu ildə daxil olan nümunələrin 3-də, 2020-ci ildə daxil olan nümunələrdən 2-də, 2021-ci ildə 24 nümunədə, 2022-ci ildə isə 1 nümunədə kartof güvəsinin aşkarlandığı, həmçinin Azərbaycanda son illər Samux, Şəmkir, Tovuz, Cəlilabad, Masallı, Lənkəran və Astara rayonlarında kartof güvəsinə rast gəlindiyi qeyd olunur.

Kartof güvəsi 1873-cü ildə kartofun mənşə mərkəzi olan Cənubi Amerikanın tropik dağlıq bölgələrində yayılıb. EPPO-nun A2 siyahısından silinməsinə baxmayaraq, kartof güvəsi Rusiya və digər keçmiş sovet respublikalarında karantin zərərvericisi hesab olunur. İlk dəfə SSRİ-də 1938-ci ildə Potidə (indiki Gürcüstan ərazisində) təyin edilib, lakin iki il ərzində zərərverici tamamilə məhv edilib. Kartof güvəsi kosmopolit növ olduğundan xüsusən də, sahib bitkiləri olan bölgələrdə Ukrayna, Moldova, Rusiya, Gürcüstan, Azərbaycan, Əfqanıstan, İran, İraq, Koreya, Çin, Pakistan, Türkiyə və s. ölkələrdə geniş yayılıb.

Kartof güvəsinin əsas sahib bitkiləri kartof (Solanum tuberosum), pomidor (Solanum lycopersicum) və tütün bitkiləridir (Nicotiana tabacum). Bunlardan əlavə badımcan (Solanum melongena), bibər (Capsicum annuum), şəkər çuğunduru (Beta vulgaris L.) və s. bitkiləri də sirayətləndirir. Güvə ən çox kartof bitkisinə ziyan vurur, zərərverici 25-80 % məhsul itkisinə səbəb olur. Kəpənəklər erkən yazda qısa məsafələrə uçmaqla yayılır. Anbar və digər saxlanma yerlərində il boyu çoxala bilirlər. Zərərverici yumurta, sürfə və pup mərhələsində yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə də yayılır.

Araşdırmalara görə, güvə ildə 3-8 nəsil verir. Hindistanda ildə 13-ə qədər, Azərbaycanda isə il ərzində 5-6 nəsil verməsi ehtimal edilir.

Güvənin anbarlarda yaşaması üçün kifayət qədər yüksək temperatur varsa, kök yumrularının sirayətləndiyini aşkar etmək üçün həmin sahədə müntəzəm yoxlamalar aparılmalıdır. Kartof anbarlarında saxlanılan sağlam kartof yumrularının sirayətlənməsinin qarşısını almaq üçün anbarın pəncərələrinə güvələrin keçməməsi üçün qoruyucu tor bərkidilməsinə, anbara sirayətlənmiş kartof  kisələrinin və bitki materiallarının qoyulmamasına, anbar boşaldıqdan sonra təmizlənməsinə və fumiqasiyasına diqqət yetirilməlidir. Bu zərərverici 10ºC-dən aşağı temperaturda inkişaf etmədiyi üçün belə depolarda hər hansı fumiqasiya prosesinin aparılmasına ehtiyac yoxdur.

Son xəbərlər
Digər xəbərlər