9 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycanda məhsulların gömrük rüsumlarının dərəcələri dəyişməyib”

Azərbaycanda idxal və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilməyib.

Bunu Dövlət Gömrük Komitəsindən (DGK) Nazirlər Kabinetinin 2022-ci ilin 7 aprel tarixli 147 nömrəli Qərarına şərh edərkən bildirilib.

“Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2022-ci ilin aprelin 7 tarixli 147 nömrəli Qərarı yanlış şərh edilərək hansısa məhsulların gömrük rüsumlarının dərəcələrinin artırılıb və ya azaldılması ilə bağlı məlumatlar verilir.

Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya əsasən Harmonikləşdirilmiş Sistemdə mövcud uyğunsuzluqların, çatışmazlıqların aradan qaldırılması, həmçinin yeni mal mövqelərin sinifləşdirilməsi məqsədilə Ümumdünya Gömrük Təşkilatının Harmonikləşdirilmiş Sistem Alt Komitəsinin iclaslarında üzv ölkələrin, beynəlxalq təşkilatların və müstəqil ekspertlərin iştirakı ilə dəyişikliklər və düzəlişlər edilməklə yeni versiya nəşr edilir”, – DGK-dan bildirilib.

Məlumata görə, 2022-ci ildən Ümumdünya Gömrük Təşkilatının üzv dövlətlərində tətbiq edilməsi nəzərdə tutulan Harmonikləşdirilmiş Sistemin (HS) 2022-ci il variantı (7-ci nəşr) Gömrük Əməkdaşlıq Şurasının 2019-cu ilin 28 sentyabr tarixli Tövsiyəsinə uyğun olaraq təsdiq edilib: “HS 2022 – dünya ticarətinin strukturundakı, həmçinin sosial və ekologiya məsələləri üzrə qlobal dəyişikliklər nəzərə alınmaqla növbəti 5 illik dövrü əhatə edərək 351 yarımmövqe üzrə düzəlişi özündə əks etdirir. “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə kodların Beynəlxalq Harmonik Sistemin 2022-ci il variantına uyğunlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Baş nazir tərəfindən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə Qərar imzalanıb. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir”.

Həmçinin bildirilir ki, qərarda Azərbaycanın Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının 2-ci (yeyilə bilən, canlı olmayan həşəratlar), 3-cü (balıqlar), 4-cü (yoqurtlar), 7-ci (göbələklər), 12-ci (toxumlar),15-ci (yağlar və piylər), 16-cı (həşəratlardan hazır məhsullar), 20-ci (şirələr), 22-ci (alkoqolsuz içkilər), 24-cü (tütün məmulatları), 28-ci ( radiaktiv izotoplar), 29-cu (karbohidrogenlərin törəmələri), 30-cu (dərmanlar), 32-ci (boyayıcı preparatlar), 34-cü (səthi-aktiv maddələr), 38-ci (kimyəvi məhsullar), 44-cü (oduncaq məmulatları), 57-ci (döşəmə örtükləri), 62-ci (pambıq ipliyindən məmulatlar), 68-ci (karbon liflərdən parça), 70-ci (şüşə lifindən hazırlanmış məmulatlar), 71-ci (almazlar), 74-80-ci (əlvan metallar), 84-cü (avadanlıqlar, qurğular və robotlar), 85-ci (elektrik avadanlıqlar və led panellər), 87-ci (nəqliyyat vasitələri), 88-ci (pilotsuz uçan avadanlıqlar), 89-cu (qayıqlar və katerlər), 90-cı (lazer diodları və cihazlar), 94-cü (döşək, çarpayı və mebellər), 95-ci (əyləncə və su parkı attraksionları), 97-ci ( incəsənət əsərləri və əntiq əşyalar) mal qruplarında müvafiq dəyişikliklər və düzəlişlər edilmiş, müxtəlif mal mövqeləri üzrə kodlar Harmonikləşdirilmiş Sistemin 2022-ci il versiyasına uyğunlaşdırılıb:

Eyni zamanda bildiririk ki, sözügedən sənəddə gömrük rüsum dərəcələrində dəyişikliklər həyata keçirilməyib: “Harmonikləşdirilmiş Sistemin 2022-ci il versiyasının Azərbaycanda tətbiqi xarici ticarət əməliyyatları üzrə statistik məlumatların şəffaflığının artırılmasına, yeni texnologiyaların və nou-hauların tətbiqi nəticəsində yaradılmış malların beynəlxalq ticarətin strukturunda etdiyi qlobal dəyişikliklər nəzərə alınmaqla ticarətin asanlaşdırılmasına və bütövlükdə gömrük-biznes əlaqələrinin optimallaşdırılması prosesinə təkan verəcək”.

Son xəbərlər
Digər xəbərlər