2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda xarici vətəndaşlara “Tax Free” sistemi çərçivəsində fərdi istehlak üçün aldıqları mallara görə dövlət büdcəsindən 4,36 milyon manat ƏDV qaytarılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 527,7 min manat və ya 10,8% azdır.
Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında “Tax Free” sistemi üzrə xarici vətəndaşlara 4,89 milyon manat ƏDV geri ödənilmişdi.
“Tax Free” sistemi Azərbaycana gələn xarici vətəndaşlara ölkə ərazisində şəxsi istifadə məqsədilə aldıqları mallara görə ödədikləri əlavə dəyər vergisinin bir hissəsini geri almaq imkanı yaradır. Bunun üçün alış-veriş “Tax Free” sisteminə qoşulmuş ticarət obyektlərində həyata keçirilməli, ölkəni tərk edərkən mallar və tələb olunan sənədlər gömrük orqanına təqdim edilməlidir. Gömrük təsdiqindən sonra ƏDV məbləği müəyyən edilmiş qaydada alıcının bank kartına və ya digər ödəniş vasitəsinə qaytarılır.
“Tax Free” üzrə geri qaytarılan ƏDV-nin azalması ölkədə xarici turistlərin xərclərinin zəiflədiyi dövrə təsadüf edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında turizm məqsədilə Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8% azalaraq 564,2 min nəfər olub. Eyni dövrdə turistlərin ölkədə çəkdiyi ümumi xərclər 22,9% azalaraq 944 milyon manata düşüb. Hesablamalara əsasən, bir turistin Azərbaycanda orta hesabla çəkdiyi xərc də son bir ildə 8,4% azalaraq 1 673,5 manat təşkil edib.







