Bu ilin yanvar-sentyabr ayları ərzində İcbari Sığorta Bürosu (İSB) “Yaşıl Kart” sistemi çərçivəsində bağlanılmış sığorta müqavilələri və sığorta hadisələri üzrə həyata keçirilmiş ödənişlərə dair statistikanı dərc edib.
İSB-dən verilən məlumata görə, hesabat dövründə “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət göstərmək hüququna sahib sığortaçılar tərəfindən 39 509 sığorta şəhadətnaməsinin satışı həyata keçirilib. Bu isə ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18% artım deməkdir.
Hesabat dövründə “Yaşıl Kart” beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 2 240 973 manat təşkil edib.
Digər tərəfdən, cari ilin ilk doqquz ayı ərzində 206 sığorta hadisəsi üzrə 790 933 manat sığorta ödənişi həyata keçirilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərinin həcmində 23% artım qeydə alınıb.
Qeyd edək ki, “Yaşıl Kart” beynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Bu sistemə əsasən “Yaşıl Kart” haqqında sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan Respublikası 28 may 2015-ci il tarixində sistemə üzv ölkə qismində qəbul edilmiş və 1 yanvar 2016-cı il tarixdən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.