“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin təşəbbüsü ilə “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” mövzusunda görüş keçirilib.
Banker.az-a ASA-ya istinadən xəbər verir ki, görüşdə qurumun sədr müavini Vüqar Əliyev və digər əməkdaşları, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və sığorta şirkətlərinin nümayəndələri iştirak edib.
Tərəflər Azərbaycanda yeni könüllü və icbari sığorta növlərinin tətbiqi, o cümlədən bazara mikrosığorta məhsullarının çıxarılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı görülmüş işlərin nəticələri, Azərbaycan üçün ən uyğun model barədə müzakirələr aparıb, yeni sığorta məhsullarının Azərbaycanda tətbiq üsulları barədə təqdimatlar edilib, sığortaçılar onları maraqlandıran məsələlərlə bağlı suallarını səsləndiriblər.
Görüşün I hissəsində İTSDA-nın icbari tibbi sığorta mexanizmi barədə təqdimatı, qurumun hazırladığı baza zərfi, Mingəçevir və Yevlax şəhərlərindəki pilot layihələr, onların nəticələri, aşkar edilmiş problemlər və onların həlli məqsədilə irəli sürülən təkliflərə dair fikir mübadiləsi aparılıb. Görüşdə iştirak edən İTSDA-nın İcbari tibbi sığorta Departamentinin rəhbəri Vüqar Qurbanov layihənin sosial əhəmiyyətini vurğulayaraq bildirib ki, bu, əhalinin tibbi sığorta təminatı, tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi, əhalinin təkcə Bakı deyil, bölgələrdə olan tibbi müəssisələri və eyni zamanda, sığortaya olan inam və etimadının möhkəmləndirilməsi, həmçinin, həkimlərin öz sahələri üzrə yüksək səviyyədə ixtisaslaşmasına gətirib çıxaracaq. Bununla yanaşı, icbari tibbi sığorta mexanizmində sığorta şirkətlərinin rolundan bəhs edilib, burada dövlətlə şirkətlərin əməkdaşlığının həm dövlət, həm də sığortaçılar üçün önəmi və faydaları qeyd edilib.
Görüşün II hissəsində isə mikrosığorta məhsullarına dair müzakirələr təşkil edib. MBN-nin nümayəndələri ASA-nın dəstəyi ilə sığorta şirkətlərindən əldə edilən mikrosığorta məhsulları üzrə bazar araşdırmasının nəticələri barədə sığortaçıları məlumatlandırıb. Burada mikrosığortanın əhəmiyyəti, beynəlxalq təcrübə, bazar araşdırmasının nəticələrindən asılı olaraq əhalinin mikrosığortaya olan tələbatı, mikrosığorta məhsulları tətbiq olunarsa ehtimal olunan penetrasiya faizi, üstünlük və faydaları barədə danışılıb.
Xatırladaq ki, ölkə prezidentinin 6 dekabr 2018-ci il tarixli fərmani ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə sığorta bazarının inkişafı və genişləndirilməsi məqsədilə yeni icbari sığorta növlərinin (kənd təsərrüfatı sığortası, mikrosığorta, müştərək sığorta və s.) tətbiqi prioritet olaraq müəyyən edilib.